Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks uzrə “Strandja” beynəlxalq turniri davam edir. yarımfinala yüksəlib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, millimizin dörd boksçusu adını yarımfinala yazdırıb.
Komandamızın üzvlərindən Nicat Hüseynov (51 kq) uelsli Skott Riçardsa 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Avropa çempionumuz yarımfinalda Daniyal Sabitlə (Qazaxıstan) döyüşəcək.
Zəlimxan Süleymanov (57 kq) 1/4 finalda Miçele Baldassidən (İtaliya) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28). O, finala gedən yolda Giorgi Kapanadzeni (Gürcüstan) sınağa çəkəcək.
Zaur Qəhrəmanov (67 kq) rinqdən qalib ayrılıb. Boksçumuz Canluici Malanqanı (İtaliya) 5:0 (29:27, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. Təmsilçimiz yarımfinalda Demur Kajaya (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək.
Nəbi İsgəndərov (67 kq) da adını yarımfinala yazdırıb. O, Rumen Rumenovla (Bolqarıstan) görüşü xeyrinə bitirib – 5:0 (30:24, 30:26, 29:27, 29:27, 30:26). İsgəndərov növbəti qarşılaşmasında Torexan Sabirxanla (Qazaxıstan) gücünü yoxlayacaq.
Dörd boksçumuz yarımfinala yüksəlməklə yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, yarımfinal mərhələsinin döyüşləri martın 1-də keçiriləcək.
Dörd boksçumuz beynəlxalq turnirin bürünc medalını təmin etdi
