Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin rəhbərliyi ilə federasiyanın həm ümumi yığıncağı, həm də 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbir keçirilib.
Azərbaycan Kikboksinq Federasiyasından verilən məlumata görə, Adil Əliyev çıxışında federasiyasının səmərəli fəaliyyətindən, son illər idmançıların qazandığı beynəlxalq uğurlardan, xüsusilə, prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışıb:
“Dövlət səviyyəsində göstərilən diqqət idmançıların mənəvi-psixoloji əhval-ruhiyyələrinin artmasına səbəb olur. Bu isə idmançılarımız üçün ən böyük stimuldur”, - deyə Adil Əliyev bildirib.
Federasiyanın prezidenti Orxan Əliyev qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini, kikboksçuların səsinin nüfuzlu beynəlxalq turnirlərdən gəldiyini qeyd edib:
“Hər bir kikboksçu dövlət qayğısını üzərində hiss edir. Buna görə cənab prezident İlham Əliyevə federasiyamız adından öz dərin təşəkkürümü bildirirəm”, - deyə federasiya prezidenti söyləyib.
Çıxışlardan sonra federasiyanın idarə heyətinin qərarına əsasən bir sıra təyinatlar olub. Federasiyasının prezidenti vəzifəsinə Orxan Əliyev, Elşən Abdulrəhimov I vitse-prezident, Azər Aslanov və Eduard Məmmədov vitse-prezident vəzifəsinə təyin edilib.
Baş katib vəzifəsinə İlkin Məsimzadə, Hakimlər Kollegiyasının sədri vəzifəsinə Fəxrəddin Quliyev, böyüklərdən ibarət yığma komandanın baş məşqçisı vəzifəsinə Telman Məhərrəmov, gənclərdən ibarət yığma komandanın baş məqçisi vəzifəsinə Hikmət Hacıyev, qərb bölgəsi üzrə nümayəndə vəzifəsinə Anar Məmmədov, Şimal bölgəsi üzrə nümayəndə vəzifəsinə Telman Məhərrəmov, Bakı bölgəsi üzrə nümayəndə vəzifəsinə Eduard Məmmədov, Sumqayıt bölgəsi üzrə nümayəndə vəzifəsinə Ədalət Şükürov təyinat alıblar.
Sonda federasiya rəhbərliyi tərəfindən məşqçilər, hakimlər, idmançılar mükafatlandırılıblar.