Azərbaycan cüdoçusu Əhməd Yusifov Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazana bilər.
"Olimpnews.az" xəbər verir ki, -60 kq çəki dərəcəsində mübarizəyə başlayan cüdoçumuz 1/16 final mərhələsində israilli İzhak Aşpizə qalib gəlib. Növbəti mərhələdə rumıniyalı Aleksanrdu Mateni məğlub edən idmançımız 1/4 finalda fransalı Luka Mxiedzeyə məğlub olub. İdmançımız təsəlliverici görüşdə komanda yoldaşı Turan Bayramova qalib gələrək üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb. O, həlledici qarşılaşmada ispaniyalı Fransisko Qarriqoasa ilə qarşılaşacaq.
Avropa çempionatının final bloku saat 18:00-da başlayacaq.
Qeyd edək ki, qitə çempionatının ilk yarış günündə mübarizəyə başlayan digər cüdoçularımızdan Turan Bayramov (-60 kq), Ruslan Paşayev (-66 kq), Könül Əliyeva (-48 kq) və Gültac Məmmədəliyeva (-52 kq) ilk mərhələlərdə məğlub olaraq mübarizəni dayandırıblar.
Xatırladaq ki, Azərbaycan komandası Avropa çempionatında 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) ilə təmsil olunur.