Olimpiadanın medalları vizual müayinədən keçib

Olimpiadanın medalları vizual müayinədən keçib

Soçi Olimpiadası üçün medalların bütün dəstləri keyfiyyət baxımından yoxlanılıb. Onlar fevralın 5-də 2014-cü il Olimpiya Oyunlarının paytaxtına çatdırılacaq.

Medalların hazırlanması dekabr ayında başa çatıb, onların yoxlanması prosesi isə bir aydan çox davam edib. 1254 medalın hər biri vizual müayinədən keçib.
Müstəqil ekspert komissiyasının üzvləri medalların qəbulu prosesində zərgərlik məmulatlarının keyfiyyətinin qiymətləndirilməsi standartlarını əsas götürüblər. Medalların üz tərəfi (avers), arxa tərəfi (revers) və tilləri (qurt), lentlərin bağlanmasının keyfiyyəti, kristalların düzgün və keyfiyyətli yerləşdirilməsi, qoruyucu örtüyün keyfiyyəti və digər xüsusiyyətlər gündüz işığında yoxlanılıb.
İstehsalçı şirkətin texniki direktoru Sergey Lukyançenko deyib: "Biz medalların istehsalı üçün texnoloji vasitələri işləyib hazırlayarkən beynəlxalq təcrübəni öyrənib, buna əsasən bütün mümkün vəziyyətləri, o cümlədən medalların şampan şərabında "çimdirilməsi”, onların "dişə vurulması”, təsadüfən yerə düşməsi kimi halları nəzərə almağa çalışmışıq”.
Medalların lentinin bağlandığı mil (ştift) də xüsusi test yoxlamasından keçib. Bu ştift 100 kiloqramdan artıq qüvvəyə davam gətirir.