LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib

LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəstəyi, “LANDAU School” Təhsil Kompleksinin təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında dördüncü LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib. 
Azərbaycan Şahmat Federasiyasından Olimpnews.az-a verilən məlumata görə, tədbirdə federasiyanın birinci vitse-prezidenti Faiq Həsənov, “LANDAU School”un təsisçisi Timur Leznik, Elm və Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev çıxış edərək, turnirin ölkədə şahmatın inkişafına və yeniyetmələrin bu idman növünə olan marağının artmasına dəstək olduğunu bildirib.
Timur Leznik turnirin təşkilatçılığında göstərdiyi dəstəyə görə Faiq Həsənova xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, iyunun 22-də başa çatacaq turnir “LANDAU School”un “Sea Breeze” korpusunda təşkil olunur. Yarışlar 8, 10, 12 yaşadək oğlan və qızlar arasında - şəxsi və komanda hesabında keçirilir. Turnirdə müxtəlif şəhər və rayonlardan 150 yeniyetmə mübarizə aparır. Festivalın baş hakimi Qüdrət İsmayılovdur.