Azərbaycan və dünya qılıncoynatmasının canlı əfsanələrindən sayılan, bu idman növünün ölkəmizdə inkişafında müstəsna xidmətləri olan, yetirmələri ilə dəfələrlə olimpiya zirvələrini fəth etmiş Yaşar Məmmədovun 90 illik yubiley mərasimi keçirilib.
Tədbirdə mütəxəssisin 90 illik həyat yolu ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov və digər qonaqlar “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, 2014-cü ildə adı Beynəlxalq Qılıncoynatma Federasiyasının Şöhrət Zalına daxil edilən Yaşar Məmmədovla bağlı xatirələrini bölüşərək, yubilyarın ad gününü təbrik ediblər.
Azərbaycan idman ictimaiyyətinin tanınmış simalarının iştirak etdiyi tədbir bədii hissə ilə davam edib.