Çingiz Hüseynzadə: “Təhsil haqqında” Qanunda idmanla bağlı müəyyən məsələlər öz əksini tapmalıdır”

Çingiz Hüseynzadə: “Təhsil haqqında” Qanunda idmanla bağlı müəyyən məsələlər öz əksini tapmalıdır”

“Hazırda idman özünü maliyyələşdirə bilmir. Bu, ya dövlət, ya da müvafiq sponsorlar tərəfindən maliyyələşir”

Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Milli Məclisdə 5 Mart - Bədən tərbiyəsi və idman günü ilə bağlı Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və idman federasiyaları ilə keçirilən görüşdə deyib.

MOK-un vitse-prezidenti qeyd edib ki, Azərbaycanda qanunvericilikdə müəyyən güzəştlər tətbiq olunmadıqca, sponsor cəlb etmək bir o qədər çətinləşəcək. Bu məsələni Milli Məclisdə qaldırmaq lazımdır. Dünyanın müxtəlif ölkələrində bu cür təcrübə movcuddur. Azərbaycanda da ola bilər. Bu, qanunvericiliklə bağlı olan bir məsələdir.

“Dünyada “universitet idmanı” anlayışı geniş yayılıb ABŞ, Böyük Britaniya kimi böyük dövlətlərdə universitet komandaları mövcuddur, ali məktəblərarası yarışlar keçirilir və bəzi idman növləri məhz təhsil müəssisələrində formalaşır. Məsələn, bəzi idman növləri var ki, əsasən universitetlərdə inkişaf etdirilir. Buna atletika və basketbolu misal göstərmək olar. Bizdə isə qanunvericilikdə idmanın əsas fənn olması ilə bağlı konkret müddəalar yoxdur. Mən hesab edirəm ki, “Təhsil haqqında” Qanunda idmanla bağlı müəyyən məsələlər öz əksini tapmalıdır”,- deyə Çingiz Hüseynzadə bildirib.