Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq

Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq

Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.

Bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə 27 aprel – 1 may aralığında avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

"Prezident Kuboku" ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonunda, Sərsəng su anbarından start götürəcək. Aprelin 27-də Sərsəngdə akademik, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları və yarışlar baş tutacaq. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq. Tədbir çərçivəsində eyni zamanda milli musiqi və rəqs nümunələri nümayiş etdiriləcək. Beləliklə, Suqovuşan və Köndələnçaydan sonra Qarabağda yeni bir məkanda avarçəkmə ənənəsinin əsası qoyulacaq.

Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək. Saat 18:30-dan etibarən baş tutacaq açılış mərasimində əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. Ardınca komandaların Heydər Əliyev prospektindən "Kür" Olimpiya Tədris-İdman Mərkəzinə qədər yürüşü təşkil olunacaq. Parad yekunlaşdıqdan sonra "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi və bədii hissə başlayacaq. Bədii hissədə şoular, müxtəlif rəqs və musiqi nömrələri nümayiş etdiriləcək. Tədbir "Döngə" qrupunun canlı ifaları ilə davam edəcək. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

Aprelin 29-da Qarabağın daha bir dilbər guşələrindən olan Suqovuşan su anbarında yarışlar davam edəcək. "Prezident Kuboku 2026" beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq