Olimpnews.az-da dərc olunan bu müsahibə hərbi-vətənpərvərlik mövzusuna həsr olunub. Aprel döyüşlərinin 10 illiyində qərara aldıq ki, hərbi-vətənpərvərlik ruhlu mahnıların bəstəkarı, AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının sədri, həkim-şair Şahin Musaoğlu ilə görüşüb, bu mövzuda söhbət edək. Söhbət zamanı bir daha əmin olduq ki, səmimi və istedadlı insanlarla münasibət qurmaq özü də bir uğur, yeni yaradıcılıq nümunəsidir. Şahin müəllimin vətənpərlik ruhunda yazdığı mahnıları çox az adam tapılar ki, eşitməsin. «İgid Əsgər möhkəm dayan», «Cənab leytenant», «Ağ ümid», «Güllədən biçilmiş bir köynək», «And içirik», «Vətən əmanəti», «Qəlbin payızı» və s. mahnılar dinləyicilər, xüsusilə ordumuzda xidmət edən əsgərlər arasında rəğbətlə sevilir. Həkim-şairlə müxtəlif suallarla ərsəyə gələn müsahibəni oxucularımıza təqdim edirik.
- Şahin müəllim, bir qədər özünüz barədə məlumat verərdiniz
- Mən Əbilov Şahin Musaoğlu 1963-cü il iyul ayının 11-də Masallı rayonunun Qızalğac kəndində müəllim ailəsində anadan olmuşam. Atam riyaziyyat müəllimi, anam isə tibb işçisi olub. Bir qardaşım və bir bacım var. Ailəliyəm. Həyat yoldaşım da həkimdir. İki övladım var. Hər ikisi tələbədir.
- Şahin müəllim, əvvəlki müsahibələrinizlə tanış olmuşuq. Görürük ki, çox dərin və geniş mütaliəniz var. Çıxışlarınız zamanı müharibə mövzusunda çoxlu sitatlar gətirirsiniz. Sizcə müharibəni qələmin qüdrətilə dahilərdən kim daha dolğun təsvir edə bilib?
- Müharibə - qan, ölüm, faciə, fəlakət, ah-nalədi. Müharibə zamanı hər yan insan cəsədləri, yıxılmış evlər, viran qalmış yuvalar, talan olmuş yurdlar göz önünə gəlir. Səmaya baxırsan, başın üstə ölüm kabusu, yerə baxırsan ayağın altda mina, mərmi gilizləri görürsən. Ətrafa boylanırsan hər yan ölümün caynağında, aldığın havadan ciyərlərinə ölüm qoxusu çəkirsən.
Müharibə haqqında çox sözlər deyilib, çox yazılıb. Amma mən sizə üç dahinin - Mustafa Kamal Atatürk, Bernard Şou və Fyodr Dostoyevskinin bu mövzuda fikir-lərindən misal çəkmək istərdim. Qazi Mustafa Kamal deyib ki, müharibə bir xalqın, bir millətin, bir toplumun həyatına təhlükə və onun coğrafiyasına - yeraltı, yerüstü sərvətlərinə, müstəqilliyinə, hürriyyətinə, azadlığına təhdid olmadığı sürədə cinayətdir.
Bernard Şou isə deyib: "Müharibələrin mayasında qorxu dayanır. Əgər insan oğlu bu qorxudan yaxasını qurtarsa, bu qorxunu yenə bilsə, bax onda savaşlar da bitəcək".
Görün, Fyodr Dostoyevski nə deyib?! Dostoyevski öz dövrünün populyar qəzetlərindən biri olan "Səs" qəzetinə verdiyi müsahibədə bu fikirləri vurğulayıb: "...necə azad olursunuzsa olun, necə qanunlar yazırsınızsa yazın, insanlar arasındakı qeyri-bərabərlik heç vaxt aradan qalxmayacaq. Yeganə əlac müharibədir. Müharibə xalqda ruh yüksəkliyi yaradır və onun şüurunda ləyaqət duyğusunu gücləndirir."
Müsahibə çox uzundur, sonda fikrini bu cümlələrlə bitirir:..."müharibə bizim zamanda vacibdi, onsuz dünya məhvə məhkumdur".
Nəticə; müharibə bir cinayətdir, mayasında qorxu dayanır, müharibə həmişə güc, əzələ nümayişi deyil.
O ki qaldı bədii yaradıcılığa, əlbəttə bu xüsusda şedevr əsərlər çoxdur. İstər dünya ədəbiyyatı, istərsə də Azərbaycan ədəbiyyatı olsun, belə nümunələri kifayət qədər sadalamaq olar. Şəxsimə gəldikdə əlbəttə bu həm də bir zövq məsələsi olduğu üçün bu mənada trummerliteratur (1950-1960-cı illərdə Almaniyada yaranmış ədəbi yaradıcılq nümunəsi - red) mənə daha yaxındır. Bu ədəbiyyatın parlaq simalarından biri olan Borxertin povest və hekayələrindəki müharibə atmosferinin bədii təsvirini qələmin qüdrətli hesab edirəm.
- Bəs siz, yaradıclığınızda müharibəni lazımi səviyyədə təsvir edə bilmisinizmi?
- Müharibənin müxtəlif tərəfləri var. Siyasi, iqtisadi, sosial, dini, tarixi, ideoloji və s. Bu tərəflərin ayrı-ayrılıqda hamısını bir yazıda və bir musiqi əsərində təsvir etmək mümkünsüzdür.
Fikrimcə, savaşın ideoloji tərəfdən işıqlandırılmasında, az da olsa mənim də xidmətlərim olub.
- Sizin yazdığınız sözlər musiqinin müşaiyəti ilə şedevr mahnılara çevrilib. Düşünək ki, yazdığınız sözlərlə məhz igid əsgərimiz möhkəm dayandı ki, qələbə qazandıq. Bu mahnı ilə bağlı hansı maraqlı məqamları və hadisələri yaşamısınız?
- Hər bir musiqi əsərinin öz hekayəsi var. Bir də musiqi incəsənətin elə əsrarəngiz növüdür ki, insan söz və duyğu ilə ifadə edə bilmədiyini musiqi ilə canlandıra bilir. Daha doğrusu sözlə deyə bilmədiyini və ya hislərlə ifadə edə bilmədiklərini anlatmaqda musiqini əvəz edəcək ikinci vasitə demək olar ki yoxdur. Rəsm istisna olmaqla.
O ki qaldı maraqlı hadisələrə, əlbəttə olub. Amma mənim daha çox yaddaşımda ilişib qalan bir səhnədir ki, onu hər yerdə bölüşürəm.
Demək 90-cı illərin ortalarıdır. Müharibənin də ən qızğın vaxtı. Ordumuz təzə formalaşırdı. Ordu adət-ənənələri demək olar ki, yox idi. Hərbi marşlar, hərbi musiqilər təzə-təzə yazılırdı. Cəmiyyətdə ordumuza əsgərlərimizə münasibət və qayğı yüksək səviyyədə idi. Mən küçəyə çıxıb, Müdafiə nazirliyindəki işimə tələsirdim. Qəfildən mənə tanış olan bir melodiya eşitdim. Gördüm ki, bir bölük əsgər "İgid əsgər möhkəm dayan" - mahnımı xorla oxuya-oxuya yolu keçirlər. Ətrafda hər şey donub. İnsanlar, avtomobillər, bir sözlə, hərəkət dayanıb. Hamı heyranlıqla əsgərlərimizi izləyir. Təbii, mən daha çox sevinirdim. Bir qürur, fəxr hissi ilə ətrafa boylanıb, baxdım. Yanımda ixtiyar bir qoca dayanmışdı. Özümü saxlaya bilməyib ondan soruşdum - "hə ağsaqqal necədi?". O, məni aşağıdan yuxarıya süzüb - "yaxşıdır yaxşı olmağına. Amma sən burda veyillənməkdənsə, onlara qoşulsaydın, daha yaxşı olardı" - dedi və uzaqlaşdı. Ardını gətirmirəm, yəqin hər şey aydındır.
- Birinci Qarabağ müharibəsi sizin gənclik illərinizə təsadüf etdi. Həmin illəri necə xatırlayırsınız?
- Bir kəlmə ilə desəm- müharibə bizi- bizdən aldı, deyərəm. Müharibə bizim gəncliyimizi, dostlarımızı yaxınlarımızı əzizlərimizı alıb apardı. Müharibə mənim ömrümə, həyatıma elə bulaşıb ki, onları heç nə silmək mümkün deyil. Müharibə mənə çox şey öyrətdi. Çoxlu dostlar qazandırdı, həyat tərzimi dəyişdi, hərəkətlərimə çəki-düzən verdi, məsuliyyətimi artırdı və s.
- 44 günlük Vətən müharibəsindən sonra yaranan qələbə nəğmələri Sizi qane edirmi?
- Bunu vaxt və zaman deyəcək. Belə sualların zamana ehtiyacı var. Vaxtı gələndə bu barədə danışarıq.
- Bu möhtəşəm qələbə ilə bağlı hələ də bir film ərsəyə gəlməyib. Səbəb nədir?
- Qələbə şirin bir nemətdi. Hər xalqa hər millətə nəsib olmur. Şükür ki, biz buna nail olduq. İndi biz qalib xalqıq. Bunun üçün əziz şəhidlərimizə, qəhrəman qazilərimizə, ordumuza və dövətimizə minnətdarıq.
O ki qaldı bu mövzuda filmlərin istehsalına, bu ilk növbədə maliyəyə bağlıdır. Bunu dövlət, ya da dövlət əhəmiyyətli özəl şirkətlər, müəssisələr edə bilər. Hal hazırda dövlət işgaldan azad olmuş ərazilərimizdə tikinti- quruculuq işləri aparır. Qayğılar çoxdu. Məncə səbəb budur. Sanballı filmə sanballı maliyə ayrılmalıdır.
- Bəlkə, bu mövzuda hər hansı bir ekran əsəri ərsəyə gətirmək üçün gərək müharibənin ocağında olasan. Bu fikirə münasibətinizi bilmək maraqlı olardı.
- Ümumiyyətlə, müharibə reallığa söykənir. Hər savaşın öz tarixi reallığı, öz qəhrəmanları və bu tarixi bu qəhrəmanlığı qələmə alan yazarları olub. Əvvəla müharibədən yazmaq peşəkarlıq tələb edir. İkinci, bu tarixi bu qəhrəmanlığı yazan həmin tarixə və həmin qəhrəmanlara sadiq olmalıdır.
Üçüncüsü, müharibə mövzusunda yazan doğrunu və gerçəyi yazmalıdır. Burda yazıçıdan daha çox müşahidə qabiliyyəti və təhkiyəçilik-rəvayətçilik istedadı tələb olunur. Yazıçı fantaziyası, təxəyyül bu mövzuda heç bir işə yaramır. Müharibə qələbə və məğlubiyyətlərin bütöv bir ardıcıllığıdır. Hər zəfərin dadını çıxartmaq, hər məğlubiyyətin acısını yaşamaqdır. Bir sözlə, bu mövzu savaş və döyüşün, ölümlə qalımın içərisindən çıxanların çörəyidir.
- Siz həm də həkim kimi cəbhədə olmusunuz. «Ağ ümid» mahnısı ilə o hissləri çatdıra bilmisinizmi?
"Güllədən biçilmiş bir köynək ver mənə
Analar saçların yolmasın"
Bu mənim hərbi həkimlərə həsr etdiyim "Ağ ümid" mahnımın sözlərindən götürülmüş iki misradır.
Tam olaraq bənd belədir:
"Şəfa ver əlinlə qəlbimə,
Gözlərin kədərlə dolmasın.
Güllədən biçilmiş bir köynək ver mənə
Analar saçların yolmasın".
Ümumiyyətlə, mənim əksər vətənpərvərlik şeirlərim dialoqlar üzərində qurulur və sonra mən bu xətti notlara daşıyaraq, mahnılarımda inkişaf etdirirəm.
Təkcə bu bir bəndi götürsək, burda iki obraza aid hislərin qarşıdurması və eyni zamanda birləşməsi var. Yəni həkim yaşatmaq istəyir. Əsgər isə ölümü şərəf kimi qəbul edir. Mesaj isə budur: «Mənim ölməyimdən kədərlənmə, bu məğlubiyyət deyil, şərəfli bir sonluqdur. Sən mənə ölümsüzlük - "güllədən biçilmiş köynəyi"mi ver ki, mənim şəhidliyim həm sənə, həm də Vətənə başucalığı gətirsin. Nəticə olaraq bu qarşıdurmada əsgər olaraq, şərəfli bir ölümü seçərək yola çıxmışam və şəhidliyim nə həkimi kədərləndirsin, nə də anaları ağlatsın. Əksinə xalqın, millətin alnını açıq, üzünü ağ etsin. Digər tərəfdən kədər və qürur bu iki obrazı özü birləşdirir. Gözlərin kədərlə dolmasın - kədəri rədd edir. Analar saçını yolmasın - xalqı yas tutmaqdan çəkindirir. Psixoloji olaraq dinləyici həm duyğulanır, həm də onda ərlik-ərənlik, mərdi-mərdanəlik hissləri formalaşır. Burada həkim obrazı daha təsirli görünür. O təkcə sağlamlığın keşiyində duran insanlara şəfa verən peşəkar deyil, həm də bütün bu emosional hissləri qürurla yaşayan bir şahid təsiri bağışlayır. Yeri gəlmişkən, bu mahnıdan təsirlənən əziz dostum, xalq şairimiz Ramiz Rövşən mənim sayca dördüncü kitabıma ön söz yazarkən, mənə kitabın adının məhz bu şeirdən gələn "Ağ ümid" qoyulmasını tövsiyə etdi və mən də onun arzusunu yerinə yetirdim.
- Həkimlər bəstəkar, şair, yazıçı ola bilir. Bəs başqa peşə sahibləri nədən həkim ola bilmir. Görünür, həkimlik digərlərindən daha çətindir.
- Həkimlik sadəcə peşə deyil. Missiyadır. Bu sahə bir çox keyfiyyətləri və məziyyətləri özündə birləşdirən, spesifik ənənələri olan qədim bir sənətdir. Obyekti isə konkret insandır. Burada insana tam, butöv olaraq insani yanaşmaq tələb olunur həkimlərdən. Yəni insanı cismani olaraq sağaltmaqla bərabər, həm də onu mənəvi cəhətdən sağaltmaqdır həkimin vəzifəsi. Şəfqət mərhəmət hissləri hamıda var, ama əsl həkimlərin əlavə olaraq həm xilaskarlıq, həm də fədakarlıq keyfiyyətləri olmalıdır ki, bu ya doğuşdan gəlir, ya da həkim sonradan bunu özündə formalaşdırmağı bacararaq, fəaliyyət göstərir. Əgər bu keyfiyyətlərdən biri belə olmasa, o həkim əsl həkim ola bilməz.
- Şahin müəllim, idmanla aranız necədir? Futbolu sevirsiniz? İdmançılarımızın çıxışlarını izləyirsiniz? Hansı komandanın azarkeşisiniz?
- İdmanla yeniyetmə yaşlarımda məşğul olmuşam. Qısa məsafəyə qaçış üzrə respublika yarışlarında fərqlənmişəm. Gənc yaşlarımda futbolun fanatı olmuşam. Evimiz «Neftçi» futbol bazasının yanında və Respublika stadionun yaxınlığında olduğu üçün o dövrün əksər futbolçularını həm tanıyır, həm də izləyirdim. Məsələn, rəhmətlik Anatoli Banişevski bizim qonşumuz idi. Kefi kök olanda bizə məhlə uşaqlarına futbola baxmaq üçün bilet də hədiyyə edərdi. İsgəndər Cavadovla bu gün də dostluğumuz davam edir. Bir hadisəni də yadımda ikən deyim. Bu yaxınlarda mənim cəbhə dostum Azərbaycan Veteran Tankcılar Birliyinin sədri qazi Hacı Əzimov məndən onların «Gəncə Veteran Tankçılar» futbol klubuna marş yazmağı istədi. Mən də onun istəyini yerinə yetirib, o marşı yazdım. Fürsətdən istifadə edərək marşın yazılmasında göstərilən texniki və maddi dəstəyə görə əziz dostum Əməkdar artist Ramil Qasımova öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm. O ki qaldı azarkeşliyə, indi heç bir kluba azarkeşlik etmirəm. Hamısı bizimdir, hamısı bizim uğurumuzdur.
- Yaradıcılıq işlərinizi davam etdirirsiniz?
- Əlbəttə. Bilirsiniz necədir? Qələm əhli üçün yazmaq, özü bir ibadətdir. Mən yazanda dincəlirəm. Hələ bu vaxta qədər özümü məcbur edib, nəsə yazmamışam. Nə var, odur. Bir neçə istisnaları nəzərə almasaq adətən öz daxili sifarişimlə yazıram. Hazırda dövlət sifarişlərindən kənar heç bir layihə də qəbul etmirəm.
- Şahin müəllim, sizə təşəkkür edirik ki, vaxt ayırıb, səmimi müsahibə verdiniz.
- Siz sağ olun. Sizə də yeni nailiyyətlər və sənət uğurları arzulayıram.
Anar Əhmədov


