"Bu gün Şahdağda növbəti beynəlxalq idman yarışı start götürüb".
Olimpnews.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov “Şahdağ” Turizm Mərkəzində start götürən xizək alpinizmi üzrə Avropa çempionatı zamanı deyib.
Gənclər və idman naziri bildirib ki, artıq üçüncü ildir ölkəmizdə belə yarışlar ardıcıl şəkildə təşkil olunur:
“Xizək alpinizmi üzrə Dünya Kuboku ötən il keçirilmişdi. Bu il isə həm Dünya Kuboku, həm də ilk dəfə olaraq Avropa çempionatı təşkil edilir. Ölkə başçısının tapşırığı ilə Azərbaycanda qış idman növləri sistemli şəkildə inkişaf etdirilir. Bakıda artıq üçüncü ildir ki, buz meydançası fəaliyyət göstərir. Ötən il həmin arenada yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri yarışları keçirildi. Bu il də qış idman növləri üzrə yarış təqvimi kifayət qədər zəngindir.”
Fərid Qayıbov qeyd edib ki, martın 14-də "Şahdağ" Turizm Mərkəzində fristayl moqul üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcək. "Hazırda davam edən yarışlarda isə 100-dən çox idmançı mübarizə aparır. Bizim üçün ən sevindirici məqam artıq yerli idmançılarımızın bu yarışlarda ölkəmizi təmsil etməsi və nəticələrin kifayət qədər uğurlu olmasıdır,” - deyə nazir vurğulayıb.
Sonda Fərid Qayıbov yarışların yüksək səviyyədə təşkili ilə bağlı Azərbaycan Qış İdman Növləri Federasiyasına minnətdarlığını bildirib.
Fərid Qayıbov: "Azərbaycanda qış idman növləri sistemli şəkildə inkişaf etdirilir"


