XXII Soçi Olimpiadasında 4 rekord qeydə alındı

XXII Soçi Olimpiadasında 4 rekord qeydə alındı



Adətən möhtəşəm Olimpiya oyunları da daxil olmaqla, irimiqyaslı idman yarışları müəyyən növlər üzrə əldə edilən rekordlarla daha çox yadda qalırlar.
Maraqlıdır ki, indiyədək Soçi-2014 Oyunlarında hələlik dörd Olimpiya rekordu qeydə alınıb. Bu rekordlar idmanın konkisürmə növündə və şort-trekdə təsdiqini tapıb. Soçi Qış Olimpiya Oyunlarında ilk rekord hollandiyalı konkisürən Sven Kramerə aiddir. O, beş min metr məsafəni inanılmaz nəticə ilə - altı dəqiqə 10,76 saniyəyə başa vurub. Bu göstərici S.Kramerin Vankuverdə keçirilmiş Olimpiya oyunlarında əldə etdiyi nəticədən dörd saniyə yaxşıdır.
Cənubi Koreyadan olan konkisürən San-Hva Li beş yüz metr məsafəyə qaçışda 37,28 saniyə nəticə göstərərək rekord qazanıb. Qeyd edək ki, 2002-ci ildən qorunub saxlanan və kanadalı Katriona Lemey-Doana məxsus əvvəlki nəticə 37,30 saniyə idi.
Daha bir rekordu 1500 metr məsafəyə qaçışda Niderlandın qadın təmsilçisi Yorin Ter Mors (bir dəqiqə 53,51 saniyə) müəyyənləşdirib.
Hazırda Soçidə şort-trekdə müəyyənləşdirilmiş yeganə rekord kanadalı Valeri Malteyə aiddir. İdmançı qadın 1000 metr məsafəni bir dəqiqə 28,771 saniyəyə qət edib.