Xizəkçimiz Soçidə növbəti mərhələyə yüksəlib

Xizəkçimiz Soçidə növbəti mərhələyə yüksəlib



Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında kişilər arasında dağ xizək yürüşünün böyük slalom növündə birinci mərhələyə yekun vurulub.
Yarışda Azərbaycan idmançısı Patrik Braxner 59-cu nömrə altında mübarizəyə qoşulub və məsafəni 1 dəqiqə 31,32 saniyəyə qət edib. Xizəkçimiz 109 idmançı arasında 60-cı pillədə qərarlaşıb.
Patrik Braxner ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. Təmsilçimiz bu mərhələdə 60-cı nömrə altında yarışacaq. Bu mərhələdə birincilik uğrunda 79 idmançı mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan idmançısı İslandiya, İran, Ukrayna, Tailand, Turkiyə, Çin, Çernoqoriya, Litva və digər ölkələrin idmançılarını geridə qoyub. Dağ xizək yürüşünün böyük slalom növündə 30 idmançı yarışdan kənarda qalıb. I mərhələni uğurla başa vuran idmançılar II mərhələyə vəsiqə qazanıblar. Yarışlarda ABŞ təmsilçisi Ted Liqeti liderlik edir. O, 1:21.08 san nəticə göstərib.