Pəhləvanlarımız dünya çempionatını 8 medalla başa vurdular

Pəhləvanlarımız dünya çempionatını 8 medalla başa vurdular

Bolqarıstanın Samokov şəhərində keçirilən 20 yaşınadək güləşçilər arasında dünya çempionatına avqustun 24-də yekun vurulub. 
Olimpnews.az xəbər verir ki, çempionatda güləşin hər üç növündə təmsil olunan idmançılarımız yekunda 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar. 
Yarışın ilk günlərində sərbəst güləşçilər xalça üzərinə çıxıblar. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 10 idmançımız qüvvəsini sınayıb. Pəhləvanlarımız çempionatı 3 bürünc medalla başa vurublar. Təmsilçilərimizdən Nurlan Ağazadə (70 kq) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub -4:0. Yusif Dursunov (125 kq) isə bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib. Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbəylə dünya üçüncüsü olub. Üçüncü yarış günündə isə daha 1 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb. Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans verməyib -10:2. Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb. 
Qadın güləşində isə baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında üç idmançımız mübarizə aparıb. Təmsilçilərimiz yarışı iki medalla başa vurublar. Qadın güləşçilərimizdən Günay Qurbanova (59 kq) bürünc medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqlə üz-üzə gəlib. İlk hissədə qazanılan xallar həlledici olub. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Günay dünya üçüncüsü adını qazanıb. Yarışın beşinci günündə isə Ruzanna Məmmədova (62 kq) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb. İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Lakin fasilədən sonra rəqib geridönüş etməyi bacarıb. Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Ruzanna Məmmədova gümüş medala sahib çıxıb.  
Dünya çempionatının son günlərində estafet yunan-Roma güləşçilərinə keçib. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli və Zöhrab Abbasovun rəhbərliyi altında 10 idmançımız ölkəmizi təmsil edib. Klassiklərimiz yarışı bir dəst medalla başa vurublar. Təmsilçilərimizdən Ayxan Cavadov (60 kq) qızıl medal qazanıb. Güləşçimiz finalda ermənistanlı Yurik Mxitaryanla qarşılaşıb. Fasiləyə 3:5 hesabıyla geridə yollanan A.Cavadov ikinci hissədə əzmkarlıq nümayiş etdirərək inamlı qələbə qazanıb -12:5. Beləliklə, bu yarışda Ayxan ilk dünya çempionumuz olub. Ötən il U17 yaş qrupunda dünya və Avropa çempionu olan yunan-Roma güləşçimiz bu il eyni uğura U20 yaş qrupunda imza atıb. Yarışın yeddinci günündə daha 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiylə gərgin mübarizə şəraitində keçən görüşdə 3:5 hesabı ilə məğlub olub və gümüş medala layiq görülüb. Fəraim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Suzukiyə 5:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub. Sonuncu yarış günündə 2 təmsilçimiz - Orxan Hacıyev (87 kq) və Məzaim Mərdanov (130 kq) çempionatı beşinci pillədə başa vurub.
Beləliklə, çempionatı 1 dəst medalla başa vuran yunan-Roma güləşi üzrə millimiz 90 xal toplayaraq komanda hesabında dünya üçüncüsü olub. Mllimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.