Soçi-2014 XXII Qış Olimpiya Oyunları başa çatdı

Soçi-2014 XXII Qış Olimpiya Oyunları başa çatdı


Fevralın 23-də Soçidə XXII Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Mərasim saat 20.00-da "Fişt” Olimpiya stadionunda təşkil olunub.
Soçi Olimiya Oyunlarında yarışlar 11 idman obyektində təşkil keçirilirdi. Bu obyektlərin ümumi tamaşaçı tutumu 120 min nəfərdir. İdman obyektləri sırasında ən böyüyü bağlanış mərasiminin keçirildiyi "Fişt” Olimpiya stadionudur.
Olimpiadada 2800-ə yaxın idmançı yeddi idman növündə 98 dəst medal uğrunda mübarizə aparıblar. Soçi-2014 Qış Paralimpiya Oyunlarında isə 74 dəst medal oynanılacaq. Bütövlükdə 88 ölkənin iştirak etdiyi Soçi-2014 Qış Olimpiadasını 3 milyarddan artıq tamaşaçı izləyib. ABŞ olimpiadada ən çox idmançı-230 nəfər təmsil olunub. Ev sahibi Rusiya isə 225 atletlə yarışıb.

XXII Qış Olimpiya Oyunları bir neçə göstərici üzrə rekord müəyyənləşdirib. Soçidə 88 ölkənin idmançılar çıxış ediblər ki, bu da Vankuverdə keçirilmiş oyunlardan 6 ölkə çoxdur. İdmançılar Soçidə 98 medal dəsti uğrunda mübarizə aparıblar ki, bu da Vankuver-2010 Olimpiadasında olduğundan 12 dəst çoxdur.
Rusiya millisi XXII Soçi Qış Olimpiya Oyunlarını birinci pillədə başa vurub. Beləliklə, ev sahibinin hesabında 33 medal - 13 qızıl, 11 gümüş və 9 bürünc vardır. Norveç yığması 26 medalla (11-5-10) ikinci, Kanada millisi isə 25 medalla (10-10-5) üçüncü pillədə yer alıblar.
Azərbaycan Olimpiya Oyunlarında dörd idmançı ilə təmsil olunsa da, mükafatçılar sırasına düşə bilməyib. Ümumlikdə XXII Qış Olimpiya Oyunlarında 26 ölkədən idmançılar medal qazanıblar. Olimpiadanın rəsmi talismanı ağ ayı, dovşan və bəbir idi. Soçidə XI Qış Paralimpiya Oyunları isə martın 7-dən 16-dək keçiriləcək.
Qeyd edək ki, XXII Qış Olimpiya Oyunlarının və XI Qış Paralimpiya Oyunlarının Soçidə keçirilməsi barədə qərar 2007-ci il iyulun 4-də Beynəlxalq Olimpiya Komitəsinin Qvatemalada keçirilən 119-cu sessiyasında qəbul olunub. Soçi səsvermənin son 2 mərhələsində Avstriyanın Zalsburq və Koreya Respublikasının Pxeynçxan şəhərlərini qabaqlayıb.