Bakıda dünya kuboku yarışlarına sabah start veriləcək
Azərbaycanda mayın 3-dən 4-dək keçiriləcək idman dırmanması üzrə növbəti dünya kuboku yarışında 22 ölkədən 150-yə yaxın idmançı iştirak edəcək.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən olimpnews.az-a verilən məlumata görə, iki gün davam edəcək beynəlxalq yarışda idmançılar iki növ üzrə - çətinlik (boulderinq) və sürət üzrə qüvvələrini sınayacaqlar.
Dünya kuboku yarışları Dənizkənarı Milli Parkda, Dövlət Bayrağı Meydanında keçililəcək. İnsanların sərbəst tamaşa edə bilməsi üçün lazımi şərait yaradılacaq.
Ölkəmizin yüksək idman şöhrəti, xüsusilə də FAİREX-in fəaliyyəti Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) nümayəndələri tərəfindən təqdirəlayiq hesab edilərək Azərbaycanda ilk dəfə idman dırmanması üzrə dünya kuboku yarışı ötən il iyunun 22-dən 23-dək təşkil olunmuşdu.
İdman dırmanması üzrə dünya kuboku yarışı FAİREX və İFSC-nin birgə təşkilatçılığı ilə keçirilir.