Afrika qitəsində ilk Olimpiya həyəcanı: Dakar-2026

 Afrika qitəsində ilk Olimpiya həyəcanı: Dakar-2026   

Olimpiya dünyası

Bugün, 18:47

Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına 5 gün qalır. Qərbi Afrikanın mədəniyyət və idman mərkəzi sayılan Seneqal tarixi bir sınağa hazırlaşır. Bu Oyunlar təkcə Seneqal üçün deyil, bütöv Afrika qitəsi üçün müstəsna əhəmiyyət daşıyır. Çünki Dakar-2026 Afrika torpaqlarında təşkil olunan ilk Olimpiya tədbiri kimi idman tarixinin qızıl səhifələrinə yazılacaq.
Bu böyük idman tədbirində təxminən 2700 atlet 25 idman növü üzrə 153 medal dəsti uğrunda mübarizəyə qoşulacaq. “Africa welcomes, Dakar celebrates” (“Afrika qarşılayır, Dakar bayram edir”) şuarı altında keçirilən və Azərbaycan idmançılırının da iştirak etdiyi bu idman tədbiri haqqında “Olimpiya dünyası” qəzeti çoxsaylı oxucularına maraqlı bir yazı təqdim edir.
Məlumat üçün bildirək ki, Dakara qədər yeniyetmələrin Yay Olimpiya Oyunları sonuncu dəfə 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmişdi. Növbəti dörd ilin tamamında isə COVID-19 pandemiyası səbəbindən Beynəlxalq Olimpiya Komitəsi ilə Seneqal höküməti arasında razılığa əsasən bu idman tədbrinin təşkili 2026-cı ilə keçirilmişdi. 2022-ci il dekabrın 5-də Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasını keçirib və Oyunların konkret keçirilmə tarixləri elan olunub. Belə ki, Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunları oktyabrın 31-dən noyabrın 13-dək Dakar, Diamniadio və Salidə keçiriləcək.
2024-cü il iyulun 19-da Dakar-2026-nın Təşkilat Komitəsinin xahişi və BOK ilə Çin Olimpiya Komitəsi arasında koordinasiyadan sonra Hançjou Asiya Oyunları Təşkilat Komitəsi Dakardakı yarışa hazırlıq və kömək məqsədilə Hançjou Asiya Oyunlarından sonra bəzi materialları istifadə üçün afrikalılara bağışlayıb. 2024-cü il dekabrın 3-də Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi öz iclasında Dakar-2026-nın yarış proqramı təsdiq olunub. Uşu ilk dəfə rəsmi idman növü kimi proqrama daxil edilib.
2024-cü il dekabrın 4-də keçirilən Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında Qaçqınlar komandasının Oyunlarda iştirakı təsdiqlənib. Bununla da Olimpiadada ilk dəfə əsasən Afrikadan olan qaçqın idmançılardan ibarət yığma komanda da mübarizəyə qoşulacaq.
Sülhü və qələbəni simvolizə edən mükafatlar
2025-ci il sentyabrın 3-də Beynəlxalq Olimpiya Komitəsi Yeniyetmələrin Olimpiya Oyunlarının medallarının üz tərəfinin dizaynı üzrə beynəlxalq müsabiqə elan olunub. Sentyabrın 16-da medalların rəsmi təqdimetmə mərasimi keçirilib. Medalın üz tərəfində mərkəzdə şir başı yerləşir. Şir adətən gücü və cəsarəti təcəssüm etdirir, həm də Seneqalın simvoludur. Şir başının hər iki tərəfində yal iki sifətdən ibarətdir; iki simmetrik sifət ədaləti, şirin başındakı zeytun çələngi isə qələbəni və sülhü simvolizə edir. Bu motiv
“Gəncliyin harayı” adlanır.
Medalın arxa tərəfində baobab ağacı təsvir olunub. O, gücü, uzunömürlülüyü, müdrikliyi və biliyin ötürülməsini simvolizə edir, Seneqalın və bütün Afrika qitəsinin simvolik ağacıdır. Baobabın kökləri və budaqları əyrilər və əks-əyrilər şəklində açılır, dinamika və həcm hissi yaradır. Əyrilər eyni zamanda rəqəmsal şəbəkə obrazını özündə gizlədir və qədim sivilizasiya ilə rəqəmsal erasının qarşılıqlı nüfuzunu təcəssüm etdirir.
“Ayo” - Qara qitənin dünyaya bəxş etdiyi sevinc
Dakar-2026-nın talismanının dizaynının hazırlanması bir neçə ay çəkib. Əhatəlilik və iştirak ruhunu əks etdirmək üçün Təşkilat Komitəsi Seneqalın Təhsil Nazirliyi ilə birlikdə gənclər arasında ümummilli dizayn müsabiqəsi keçirib. Müsabiqədə 12-18 yaşlı təxminən 500 şagird iştirak edib. Nəticədə müsabiqənin qalibi dizayn layihəsi ilə Seneqalın şimalındakı Sen-Luis şəhərindən olan 16 yaşlı şagird Ndee Mariyem Diop olub. Talisman üçün “Ayo” adını isə 18 yaşlı şagird Ndee Haddi Kristal Kumba təklif edib. Oktyabrın 31-də Seneqal Prezidenti Bassiru Diomay Faye və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri Dakar-2026-nın rəsmi talismanı olan “Ayo”nu təqdimatında iştirak edib.
“Ayo” talismanı papaqlı balaca şirdir, gəncliyi, enerjini və Afrika ruhunu simvolizə edir. Onun geyimi ənənəvi Afrika geyimini təcəssüm etdirir: başında ənənəvi Seneqal tinqad papağı var, paltarı Afrika rənglərindədir, ayaqqabısının dizaynı isə yerli sənətkarlığın xüsusiyyətlərini əks etdirir. “Ayo” yoruba dilində “sevinc” deməkdir, bu da Afrikanın çoxmədəniyyətliliyini əks etdirir və Oyunları “Afrika qarşılayır, Dakar bayram edir” - şüarı ilə vəhdət təşkil edir.
Səkkiz ildən sonra ilk dəfə...
Dekabrın 3-də BOK-un İcraiyyə Komitəsinin iclasında yarış proqramı və idmançı kvotaları nəzərdən keçirilərək, təsdiqlənib. Belə ki, Dakar-2026-da əvvəlki yarışlarından fərqli olaraq 25 rəsmi idman növünün hər biri yalnız bir disiplinlə (basketbol - 3x3, velosiped idmanı - yalnız şose yarışları, voleybol - yalnız çimərlik voleybolu) təmsil olunacaq. Beləliklə, Buenos-Ayres-2018-də bu say 241 olmuşdusa, Dakar-2026-da say 151-ə qədər (72-si kişi, 72-si qadın, həmçinin 7 qarışıq) azalıb. Budəfəki Yeniyetmələrin Olimpiya Oyunları tarixdə ilk dəfə idman növlərinin sayı və idmançı kvotalarının kişilər və qadınlar üçün tam bərabər olacağı ilə yadda qalacaq.
Qitələri birləşdirən əbədi alov
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının məşəli sentyabrın 10-da Yunanıstanın Afina şəhərində alovlandırılıb. Yunanıstan Olimpiya Komitəsinin prezidenti İsidoros Kuvelos Afinadakı Panatinaikos stadionunda Olimpiya alovunu rəsmi olaraq 2026-cı il Dakar Yeniyetmələrin Olimpiya Oyunları Təşkilat Komitəsinin sədri Mamadu Diania Ndiayeyə təhvil verib. Məşəl sentyabrın 12-də Dakara çatıb.
“Enerjinin ötürülməsi” şüarı altında keçirilən məşəl estafeti ölkənin bütün 14 inzibati vilayətini əhatə edib. Estafet zamanı marşrut boyunca əsas şəhərlərdə müxtəlif regionların mədəni irsini və yerli xüsusiyyətlərini nümayiş etdirən idman, mədəni və təhsil tədbirləri keçirilib. Olimpiya alovunun estafeti başa çatdıqdan sonra oktyabrın 31-də Diamniadioda yerləşən Abdulaye Vade stadionunda keçiriləcək açılış mərasimində Olimpiya alovundan əsas məşəl yandırılacaq.
İdmançıların təhlükəsizliyi üçün xüsusi xidmət
Beynəlxalq Olimpiya Komitəsi Olimpiada zamanı Onlayn zorakılıqdan Qoruma Xidmətini (CAPS) istifadəyə verəcək. Dakar Gənclər Olimpiadasında iştirak edən bütün idmançılar sosial şəbəkə hesablarını qeydiyyatdan keçirmədən və ayrıca yazılmadan avtomatik olaraq CAPS-ın qorunması altında olacaq. Süni intellekt (Sİ) istifadə edən sistem real vaxtda əsas sosial platformaları izləyir, 56 dili əhatə edir, mətni, təsvirləri və Sİ tərəfindən yaradılmış məzmunu yoxlayaraq idmançılara qarşı təqib yönəlmiş potensial məzmunu aşkar edir. Bütün işarələnmiş materiallar analitiklər tərəfindən əl ilə təkrar yoxlanılır. Təqibin olduğu təsdiqlənərsə, Beynəlxalq Olimpiya Komitəsi hadisənin xarakterindən və təcililiyindən asılı olaraq idmançıların milli və ya regional Olimpiya komitələri vasitəsilə idmançıları vaxtında və lazımi qaydada məlumatlandıracaq, dərhal qoruma və psixoloji dəstək təmin edəcək, həmçinin müvafiq məzmunu araşdırma aparılması və tədbir görülməsi üçün təsirə məruz qalan sosial platformalara ötürəcək.
Təşkilat Komitəsi ən yaxşıları seçməyə çalışıb
Dakar-2026 Təşkilat Komitəsi yarışların yüksək səviyyədə keçirilməsi üçün ölkənin infrastruktur cəhətdən ən yaxşı vəziyyətdə olan 3 əsas bölgəsini seçib. Dakar bölgəsində “paytaxtın ürəyi” hesab olunan İba Mar Diop Stadionu, “Tour de lceof” idman kompleksi və “Korniş Ouest” sahili atletika, futzal, 3x3 basketbol, breyk-dans, skeytbordinq və şosse velosipedi yarışlarına ev sahibliyi edəcək. Sali bölgəsi Atlantik okeanı sahilində yerləşir. Bu füsunkar kurort şəhəri çimərlik voleybolu, çimərlik həndbolu, çimərlik güləşi, triatlon və sahil avarçəkməsi kimi idman növləri üçün seçilib.
Diamniadio bölgəsi Dakarın 30 kilometrliyində salınmış müasir və ağıllı şəhərcikdir. Abdulaye Vade Stadionu, Dakar Arena və Dakar Sərgilər Mərkəzi kamandan oxatma, cüdo, taekvondo, boks, gimnastika və badminton yarışlarında idmançıları bir araya toplayacaq. Olimpiadanın mənəvi və sosial mərkəzi olan Olimpiya Kəndi Diamniadio şəhərində yerləşən Amadu Maxtar Mbou Universiteti şəhərciyində təşkil edilib. Dakar-2026 başa çatdıqdan sonra Olimpiya Kəndi üçün inşa edilmiş bütün yaşayış binaları, idman obyektləri və sosial infrastrukturlar tam şəkildə universitetin istifadəsinə veriləcək. Bu da Seneqalın təhsil və idman sisteminə uzunmüddətli töhfə olacaq.
Dakar-2026 sadəcə medallar uğrunda gedən idman mübarizəsi deyil, həm də Afrika gəncliyinin böyük potensialını, qitənin qlobal miqyaslı tədbirlərə ev sahibliyi etmək gücünü bütün dünyaya nümayiş etdirən tarixi bir bayram olacaq.
Anar Əhmədov

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR