Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olub

Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olub


Avqustun 16-da Çin Xalq Respublikasının (ÇXR) Nankin şəhərində Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə ÇXR Prezidenti Si Cinpin, BMT-nin baş katibi Pan Gi Mun, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, bir neçə ölkənin dövlət başçısı, rəsmi nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycan mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Açılış mərasimi Çin və BOK bayraqlarının qaldırılması, iştirakçı ölkələrin təqdimatı ilə davam edib. Qədim İpək Yolunu simvolizə edən möhtəşəm şou açılış mərasiminin maraqlı hissəsi olub.
Sonra Olimpiya məşəli alovlandırılıb.
Qeyd edək ki, Nankində ümumilikdə 204 ölkədən 3700-dən çox idmançı 28 növdə medallar uğrunda mübarizə aparır. Nankin Olimpiya Oyunları avqustun 28-də başa çatacaq.
Xatırladaq ki, Azərbaycan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında idmanın 9 növündə 21 idmançı ilə təmsil olunur. Olimpiya yığmamızın tərkibində Teymur Məmmədov (sərbəst güləş, 63 kq), İqbal Hacızadə (sərbəst güləş, 100 kq), Leyla Qurbanova (qadın güləşi, 52 kq), Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq), İslambek Dadov (yunan-Roma güləşi, 69 kq), Səid Quliyev (73 kq), Gülhanım Yeşildağ (55 kq), Ceren Özbek (44 kq), Safiyə Polat (49 kq, hamısı taekvondo), Məhəmmədəli Tahirov (91 kq-dan yuxarı), Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq, hər üçü boks), Elvira Həsənova (üzgüçülük, sərbəst üsulla), Nazim Babayev (atletika, üçtəkanla tullanma), Behafeta Abreha (qaçış, 3000 metr), Yelena Qladkova (atletika, şüvüllə tullanma), Boris Yotov (akademik avarçəkmə), Natiq Qurbanlı (55 kq) və Leyla Əliyeva (44 kq, hər ikisi cüdo) yer alıblar. Ürfan Axundov (atıcı, pnevmatik tapança, 10 metr) və Suğraxanım Müqabilzadə (kamandan oxatma) Olimpiya oyunlarında güzəştli kartla (vayld-kart) iştirak edirlər.
Nankində idmanın uşu növündə 3 idmançımız mübarizə aparacaq. İlkin Əliyev (52 kq), Bayram Məmmədov (60 kq) və Yerkin Osmanov (70 kq) ölkəmizi bu növ üzrə yarışlarda təmsil edəcəklər. Amma uşu yarışları Çinin milli idman növü kimi, müsabiqədənkənar xarakter daşıyacaq. Yəni, qaliblərə medallar təqdim olunsa da, bu, olimpiadanın medal sıralamasında əksini tapmayacaq.
Xatırladaq ki, Yeniyetmələrin I Yay Olimpiya Oyunları 2010-cu ildə Sinqapurda keçirilib. Sinqapur Olimpiadasında ölkəmiz 12 idmançı ilə 6 növdə təmsil olunub. Yeniyetmə atletlərimiz 5 qızıl, 3 gümüş medal əldə ediblər. Azərbaycan dünya ölkələri arasında 11-ci, Avropa ölkələri arasında isə 6-cı yer tutub.