İdmançılarımız Olimpiadanın ilk günündə 3 medal qazandılar

İdmançılarımız Olimpiadanın ilk günündə 3 medal qazandılar


Çin Xalq Respublikasının (ÇXR) Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunları Azərbaycan idmançıları üçün uğurla başlayıb.
Milli komandamıza ilk medalı cüdoçular qazandırıblar. 44 kq
çəki dərəcəsində çıxış edən Leyla Əliyeva mübarizəyə 1/4 final mərhələsindən başlayıb. O, Adiya Saiyniyə (Qazaxıstan) qalib gəldikdən sonra yarımfinalda Anastasiya Turçevaya (Rusiya) da heç bir şans verməyib. Təəssüf ki, təmsilçimiz inamlı çıxışını finalda davam etdirə bilməyib. O, həlledici mərhələdə türkiyəli Melisa Çakmaklıya qarşılaşıb və məğlub olaraq gümüş medalla kifayətlənib.



Nankinin"Longjian Gymnasium” sarayında keçirilən cüdo yarışlarında Natiq Qurbanlı (52 kq) birbaşa yarımfinal mərhələsində çıxış etmək şansı qazanıb. O, yarımfinalda belçikalı Jorre Verstreateni məğlub edərək finala çıxıb.
Qızıl medalın bir addımlığında cüdoçumuz qazaxıstanlı
Bavrjan Jauyntayevə (Qazaxıstan) məğlub olub. Bununla da o, komandamıza cüdo növündə ikinci gümüş medalı qazandırıb.






Azərbaycan idmançıları yarışın ilk günü növbəti medalı taekvondo növündə əldə edib. Bu növ üzrə yarışlara 4 idmançı ilə qoşulan ölkəmiz gümüş medala sahib çıxıb. Təmsilçimiz Ceren Özbek 44 kiloqram çəki dərəcəsində gümüş mükafat əldə edib.
Ceren Özbek dörddə bir final mərhələsində Meksika idmançısı Brenda Lua Orteqaya qalib gəlib. Yarımfinal görüşündə idmançımızın rəqibi Böyük Britaniyadan Abiqel Stonza ilə qarşılaşıb. O, rəqibini mübarizədən kənarlaşdıraraq, finala vəsiqə əldə edib. Qızıl medal uğrunda mübarizədə idmançımızın rəqibi tailandlı Paniak Vonqpattanakita olub. 




Bu görüşdə asiyalı rəqibinə məğlub olan taekvondoçumuz Nankin Olimpidasının gümüş medalına layiq görülüb. Beləliklə Ceren Özbek ölkəmizə taekvando idman növündə ilk olimpiya medalını qazandırıb.
Nankində Olimpiya oyunlarının ilk günündə üzgüçümüz Elvira Həsənova da mübarizəyə qoşulub. Təəssüf ki, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ilk dəfə təmsil olunduğumuz növdə mükafat əldə etmək mümkün olmayıb. Belə ki, həmyerlimiz 200 m məsafəni 2:33,52 saniyəyə dəf etsə də, bu nəticə onun finala yüksəlməsinə imkan verməyib.
Yeniyetmələrin II Yay Olimpiya Oyunları avraçəkənimiz üçün də uğurla başlayıb. Xatırladaq ki, bu növdə ölkəmizi Boris Yotov təmsil edir. Akademik avarçəkmə növündə bir nəfərlik qayıqda (JM 1X) çıxış edən idmançımız ilk mərhələdə 1000 metr məsafəni 3 dəqiqə 25,47 saniyə nəticə ilə başa çatdırıb. Bu nəticə ona yarımfinalda mübarizə aparmaq imkanı qazandırıb. Qeyd edək ki, akademik avarçəkmə növündə yarımfinal yarışları bu gün keçiriləcək.