AOK-un 43-cü Baş Assambleyasının yekunları ilə bağlı mətbuat konfransı keçirilib

AOK-un 43-cü Baş Assambleyasının yekunları ilə bağlı mətbuat konfransı keçirilib

Gələn il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi mühüm hadisədir. Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək. Birinci Avropa Oyunları özündən sonrakı tədbirlərin keçirilməsi üçün mühüm nümunə olacaq.
Bu sözləri Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki noyabrın 22-də AOK-un 43-cü Baş Assambleyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Baş Assambleyada səmərəli müzakirələrin aparıldığını bildirən Patrik Hikki tədbir çərçivəsində Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı müfəssəl təqdimatın keçirildiyini xüsusi vurğulayıb. O, adətən Oyunların keçirilməsi üçün 7 ilə yaxın müddətin nəzərdə tutulduğunu, lakin Bakı-2015-ə hazırlığa iki il yarım vaxt ayrılmasına baxmayaraq, mühüm işlərin görüldüyünü qeyd edib.
Patrik Hikki deyib: "İlk Avropa Oyunları idman tarixində silinməz izlər qoyacaq. Çoxlu sayda könüllünün olması, London Olimpiadasından peşəkar əməkdaşların cəlb edilməsi bir daha göstərir ki, Azərbaycanın istənilən idman tədbirini yüksək səviyyədə keçirməkdə zəngin təcrübəsi var. Bakı-2015 ilk Avropa Oyunları dünya miqyasında mötəbər idman tədbiri olacaq. Avropa Oyunları beynəlxalq miqyasda artıq kifayət qədər imic qazanıb. İdmanın 20 növünün Oyunların proqramına salınması gözləntilərimizi aşdı. Avropa idmançıları Oyunlarda iştirak üçün kifayət qədər istək və arzularını bildiriblər. Onlar da möhtəşəm idman oyunlarını səbirsizliklə gözləyirlər”.
Bakı–2015 ilk Avropa Oyunlarının dünyada artıq idman ölkəsi kimi tanınan Azərbaycanın bu sahədə nüfuzunu daha da artıracağını söyləyən Patrik Hikki maliyyə və texniki məsələlərlə bağlı işlərin də yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb.

AOK-un prezidenti Patrik Hikki verdiyi dəstəyə görə Azərbaycan Hökumətinə təşəkkür edib, indiyədək görülən işlərin ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan yaradacağını bildirib.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda mötəbər idman tədbirlərinin keçirilməsi üçün mühüm təcrübənin qazanıldığını diqqətə çatdırıb. O, MOK-un Avropanın bütün Milli Olimpiya komitələrinə nümunəvi xidmətin göstərilməsi, onların ilk Avropa Oyunlarından ən xoş təəssüratla ayrılmaları məqsədilə çoxsaylı tədbirlər həyata keçirəcəyini söyləyib.