Saymon Kleq: “Birinci Avropa Oyunları qitə idmanının inkişafına güclü təkan verəcək”

Saymon Kleq: “Birinci Avropa Oyunları qitə idmanının inkişafına güclü təkan verəcək”


Birinci Avropa Oyunlarına bir neçə ay qalıb. Ölkəmizdə Oyunların Təşkilat Komitəsi tərəfindən mühüm hazırlıq tədbirləri həyata keçirilir. Komitə Oyunların müxtəlif ölkələrdə yüksək səviyyəli təqdimatı, təbliğatı, yarışların yayımı, könüllülərin hazırlanması istiqamətində çoxşaxəli mühüm işlər görür. Həyata keçirilən tədbirlər və Bakı-2015 Avropa Oyunlarına qalan müddət ərzində görüləcək işlərlə bağlı Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş əməliyyat direktoru cənab Saymon Kleq "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. Həmin müsahibəni qəzetimizin çoxsaylı oxucularına təqdim edirik.

- Cənab Saymon, birinci Avropa Oyunları ilə bağlı hazırlıq işləri necə gedir?
- İyun ayında keçiriləcək birinci Avropa Oyunları üçün nəzərdə tutulan bəzi obyektlərdə işlər artıq tamamlanıb. Komplekslərin oyunlara qədər tam hazır vəziyyətə gətirilməsi üçün digər obyektlərdə də tikinti işləri sürətlə davam etdirilir. Atletlər kəndi və Milli Gimnastika Arenası hazırdır. Xatırladım ki, bu idman arenası keçən ilin iyun ayında bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib. Çempionatda iştirak edən idmançılar Atletlər kəndində yerləşmişdilər. May ayında isə Tofiq Bəhramov adına Respublika stadionunda atletika üzrə yeniyetmələr arasında Avropa Olimpiya təsnifat turniri keçirilib. Bu yarışlar Oyunlardan əvvəl bizə il ərzində gördüyümüz işləri sınaqdan keçirmək imkanı verib.

- Cənab Kleq, indiyədək ölkəmizdə bir sıra idman növləri üzrə sınaq yarışları keçirilib. Oyunlardan əvvəl daha hansı sınaq yarışlarının təşkili nəzərdə tutulur?
- Artıq üç idman növü üzrə sınaq yarışı keçirilib. Sevindirici haldır ki, bu yarışların hər biri uğurla başa çatıb. Qeyd edim ki, yeniyetmələr arasında keçirilən Avropa Olimpiya təsnifat turniri Azərbaycanda bu növ üzrə ilk ən böyük beynəlxalq atletika yarışı idi. Azərbaycanın Milli Olimpiya Komitəsi ilə birgə təşkil olunan yarış Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) tərəfindən yüksək qiymətləndirilib. Eləcə də bədii gimnastika üzrə Avropa çempionatı və dağ velosipedi üzrə sınaq yarışı müvafiq beynəlxalq federasiyalar tərəfindən rəğbətlə qarşılanıb. Proqrama daxil edilən digər idman növləri üzrə də sınaq yarışlarının təşkili planlaşdırılır. Bu yarışlar Oyunlarla bağlı yerinə yetirilən əməliyyatları və gələcək planlarımızı sınaqdan keçirmək imkanı yaradacaq.

- Necə düşünürsünüz, birinci Avropa Oyunları Avropa idmanı üçün nə kimi imkanlar yaradacaq?
- Birinci Avropa Oyunlarınıın təşkili qitə idmanının inkişafına daha da güclü təkan verəcək. Bakı-2015 Avropa Oyunlarının proqramında yer alan 20 idman növündən 9-u 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunları üçün lisenziya xarakteri daşıyacaq. Burada idmançılar Olimpiadada iştirak etmək hüququ qazanacaqlar. Düşünürəm ki, Avropa Oyunlarının bütün dünyada yayımlanması yarışda iştirak edəcək avropalı idmançıların beynəlxalq aləmdə daha da tanınmalarına şərait yaradacaq.

- Avropa Oyunlarında tədbir iştirakçılarının təhlükəsizliyi necə təmin olunacaq?
- Oyunlar zamanı idmançıların, komanda rəsmilərinin, işçi qüvvəsinin və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi məsələsi Bakı-2015 Avropa Oyunlarında mühüm əhəmiyyət kəsb edir. Bu işə polis işçiləri və təhlükəsizlik orqanlarının əməkdaşları cəlb olunacaqlar. Onların sayı barədə dəqiq məlumat verə bilməsəm də, qeyd edim ki, BAOƏK-in təhlükəsizlik komandası bütün qüvvəsi ilə çalışacaq. Məqsədimiz Oyunlarda iştirak edəcək hər bir kəsin təhlükəsizliyini təmin etməkdir.

- İdmançıların Atletlər Kəndinə, eləcə də idman obyektlərinə rahat gediş-gəlişini təmin etmək üçün hansı tədbirlər görüləcək?
- İdmançıların Atletlər kəndindən yarış yerlərinə rahat gedib-gəlmələri üçün xüsusi proqram hazırlanıb. Bu proqram BAOƏK və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçiriləcək. Düşünürəm ki, idmançılar Avropa Oyunlarında nəqliyyat problemi ilə qarşılaşmayacaqlar.

- Yarış iştirakçıları üçün mədəniyyət və ya əyləncə proqramlarının həyata keçirilməsi nəzərdə tutulurmu?
- Atletlər kəndində idmançılar üçün hər cür şərait yaradılıb. Atletlər burada boş vaxtlarını səmərəli keçirə biləcək və rahat istirahət edəcəklər. Kənddə əyləncə və oyun zalları və s. yaradılıb. Oyunlar zamanı qidalanma məsələlərinə xüsusi diqqət yetiriləcək. Orada qonaqlara Avropa mətbəxi ilə yanaşı, Azərbaycan mətbəxinin yeməkləri də təqdim olunacaq. Ümumilikdə Atletlər kəndinin sakinlərinə yüksək səviyyəli xidmət göstəriləcək.

- Avropa Oyunlarının açılış və bağlanış mərasimləri tamaşaçılara nə vəd edir?
- Açılış və bağlanış mərasimləri qədim tarixə malik Azərbaycanın mədəniyyətini, həmçinin Bakının müasir Avropada tutduğu yeri nümayiş etdirəcək. Bu mərasimlərdə yarış iştirakçılarının təntənəli şəkildə salamlanmaları isə tədbirə xüsusi rəng qatacaq.
Qeyd edim ki, Avropa Oyunlarının açılış və bağlanış mərasiminin bədii direktoru Dimitris Papaioannoudur. Amerikanın "Five Currents” şirkəti isə açılış və bağlanış mərasimlərinin prodüseri olacaq. Bu şirkət və oyunların bədii rəhbəri, indiyədək böyük idman yarışlarının möhtəşəm mərasimlərinin təşkilatçısı olublar.