Tbilisi-2015 Avropa Yeniyetmələrinin Olimpiya Festivalının rəsmi açılışı olub

Tbilisi-2015 Avropa Yeniyetmələrinin Olimpiya Festivalının rəsmi açılışı olub





İyulun 26-da Tbilisi şəhərindəki Mixeil Mesxi stadionunda Tbilisi-2015 13-cü Avropa Gənclər Olimpiya Festivalının rəsmi açılışı olub.
Mərasimdə Gürcüstanın dövlət və hökumət rəsmiləri ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov da iştirak edib.
Ümumilikdə 50 ölkədən idmançıların, yüksək vəzifəli qonaqların qatıldığı tədbirdə Tbilisi-2015 Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Aleksi Axvlediani və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edərək qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıblar.
Gürcüstanın dövlət bayrağı və Avropa Olimpiya Komitəsinin bayrağı meydana gətirilib.
Sonra hava şarı ilə Olimpiya məşəli meydana daxil olub. Məşəl meydanda Gürcüstanın tanınmış idmançıları, Olimpiya və dünya çempionları tərəfindən növbə ilə gəzdirildikdən sonra alovlandırılıb.
Sonra idmançıların paradı keçirilib. Mərasimin bədii hissəsində incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Mərasim atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, Azərbaycan bu yarışmada 36 idmançı ilə təmsil olunur. Gənclərimiz festivalda idmanın yüngül atletika (10 nəfər), tennis (4), üzgüçülük (6), bədii gimnastika (1), velosiped (3) və cüdo (12) növləri üzrə yarışlarda mübarizə aparacaqlar.
Gürcüstanda keçirilən bu festivalda Azərbaycandan 35 könüllü də iştirak edir.