Cüdoçular Avropa Yeniyetmələrinin XIII Olimpiya Festivalında 3 medal qazanıblar

Cüdoçular Avropa Yeniyetmələrinin XIII Olimpiya Festivalında 3 medal qazanıblar

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Gənclərinin Olimpiya Festivalının ikinci günündə Azərbaycan idmançıları 3 medal qazanıb. Həmin medalları cüdoçularımız əldə ediblər.
Qızlar arasında 40 kq çəki dərəcəsində yer alan Şəfəq Həmidova keçirdiyi 3 görüşün hamısını qələbə ilə başa vuraraq finala yüksəlib. Həlledici görüşdə o, rusiyalı Anastasiya Kuterinanı da yenərək, XIII Avropa Gənclər Olimpiya Festivalında cüdoçular arasında qızıl medal qazanan ilk idmançı kimi adını tarixə yazdırıb.
Digər cüdoçumuz Kəramət Hüseynov da mübarizəyə uğurla başlayıb. O, 55 kq çəki dərəcəsində rəqiblərini üstələyərək finala qədər irəliləyib. Amma o, həlledici qarşılaşmada moldovalı İon Mitayevə uduzaraq gümüş medala sahib olub.
Nəhayət, 50 kq çəkidə İbrahim Bayramlı üçün ilk görüş uğurlu alınmasa da, təsəlliverici qarşılaşmaların yekununda o, bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa Yeniyetmələrinin Olimpiya Festivalına avqustun 1-də yekun vurulacaq.