Hasil Cəfərov XIII Olimpiya Festivalının çempionudur

Hasil Cəfərov XIII Olimpiya Festivalının çempionudur





Azərbaycan idmançıları Tbilisi-2015 Avropa Yeniyetmələrinin Olimpiya Festivalında daha bir qızıl medal qazanıblar. Növbəti qızıl medalı Azərbaycana cüdoçumuz Hasil Cəfərov (73 kq) qazandırıb.
İyulun 30-da Azərbaycanın yeniyetmələrdən ibarət idmançıları velosiped, cüdo və atletika yarışlarında mübarizəni davam etdiriblər. Yarışda H. Cəfərov daha güclü olduğunu sübut edərək rəqibləri üzərində tam qələbə qazanıb. Onun finalda Rumıniya idmançısı ilə görüşü daha gərgin keçib. Görüşün əsas hissəsində qalib müəyyənləşməyib. Əlavə olunmuş vaxtda H.Cəfərov qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib və üçrəngli bayrağımız ucaldılıb.
H.Cəfərov qələbə sevincini belə bölüşüb: "Belə mötəbər yarışda Azərbaycan bayrağını ucaltdığıma görə çox sevinirəm. Bu, təkcə mənim deyil, valideynlərimin, məşqçilərimin və məni dəstəkləyən insanların qələbəsidir. Mən bundan sonra da məşqlərimi davam etdirib, daha böyük yarışlarda – dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında qızıl medal qazanmaq üçün əzmlə çalışacağam”.
Beləliklə, Azərbaycan ikisi qızıl olmaqla 5 medal qazanıb və bu göstərici ilə reytinq cədvəlində 13-cü yerdə qərarlaşıb. Yeniyetmə idmançılarımız iyulun 31-də medallar uğrunda mübarizəni davam etdirəcəklər. Festivalın sonuncu günü təmsilçilərimiz velosiped, cüdo və üzgüçülük yarışlarında qüvvələrini sınayacaqlar.