Rio-2016 Olimpiadasının məşəlinin yandırılacağı tarix açıqlanıb

Rio-2016 Olimpiadasının məşəlinin yandırılacağı tarix açıqlanıb



2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının məşəli gələn il aprelin 21-də Yunanıstanda yerləşən qədim Olimpiya məbədində yandırılacaq.
Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Kuala-Lumpurda keçirilən 128-ci sessiyasında Rio-2016 Olimpiadasının kommunikasiyalar üzrə direktoru Mario Andrada bildirib. Onun sözlərinə görə, Olimpiya məşəli Braziliyaya mayın 3-də gətiriləcək. Növbəti yüz gün ərzində məşəl 83 şəhəri gəzəcək. Estafetdə 12 min məşəl daşıyıcısı iştirak edəcək. Estafet çərçivəsində ölkənin 500 yaşayış məntəqəsini əhatə edən avtomobil yürüşü keçiriləcək. Bu yolla təşkilatçılar Olimpiya məşəlini əhalinin 90 faizinə nümayiş etdirmək niyyətindədirlər. Ümumilikdə, məşəl quruda 20 min km, hava ilə 16 min km qət edəcək.
Qeyd edək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları 2016-cı il avqustun 5-dən 21-dək keçiriləcək.