Çingiz Hüseynzadə: “IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək keçiriləcək”

Çingiz Hüseynzadə: “IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək keçiriləcək”



Xəbər verdiyimiz kimi, noyabrın 2-4-də Bakıda, "Bulvar” otelində İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) toplantısı təşkil edilib. Noyabrın 2-də adıçəkilən təşkilatın Əlaqələndirmə Komissiyasının iclası öz işinə başlayıb. Noyabrın 3-də ISSF-n İcraiyyə Komitəsinin iclası, noyabrın 4-də isə İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyası keçirilib. 
Tədbirdə 40-dan çox ölkədən 90-dək nümayəndə, o cümlədən İSSF-in fəxri baş katibi Şahzadə Abdulhakim Bin Mosaad Bin Abdulaziz Al Saud, Federasiyanın üzvləri, həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin və İSSF-in vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, Federasiyanın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva iştirak ediblər. .
Assambleyada 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına daxil olan idman növləri, yarışların tarixi və baş tutacağı obyektlərin hazırkı durumu, Atletlər və Media kəndlərinin hazırlıq vəziyyəti, təhlükəsizlik, informasiya-kommunikasiya, nəqliyyat və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
IX Baş Assambleyada çıxış edən ISSF İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Milli Olimpiya Komitəsinin və ISSF-in vitse-prezidenti Çingiz Hüseynzadənin sözlərinə görə, 2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək keçiriləcək.
Ç.Hüseynzadə bildirib ki, ötən gün İslam Həmrəylik İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Oyunların cədvəli tərtib olunub, hansı idman növlərinin Oyunlara daxil ediməsi müəyyən olunub. İslam Həmrəylik İdman Federasiyasının bu gün Bakıda keçirilən 9-cu Baş Assambleyasında Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunları haqqında məlumat verilib. Bildirilib ki, IV İslam Həmrəylik Oyunları 14 məkanda keçiriləcək.
IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi Bakı Olimpiya Stadionu, "Baku Crystal Hall”, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, "İnter Arena”, Bakı Olimpiya Kompleksi, "Bakcell Arena”, Sərhədçi İdman Olimpiya Mərkəzi və s. idman qurğuları, həmçinin Atletlər və Media kəndlərində yaradılan şərait, eləcə də, təhlükəsizlik, nəqliyyat və digər məsələlərlə bağlı assambleya iştirakçılarına ətraflı məlumat verilib.