Yaponiya hökuməti təhlükəsizlik tədbirləri görəcək

Yaponiya hökuməti təhlükəsizlik tədbirləri görəcək


Yaponiya hökuməti 2016-cı ildən etibarən Tokio-2020 Yay Olimpiya Oyunlarının hazırlıq prosesinə müdaxilə etmək istəyən hakerlərin hücumlarından qorunmaq məqsədi ilə maarifləndirmə prosesini gücləndirməyi planlaşdırır. Olimpnews.az saytının məlumatına görə, bu barədə Yaponiyanın mətbuat orqanları məlumat yayıblar.

Proqram üzrə hər il 10 dərsin keçirilməsi nəzərdə tutulan prosesə dövlət strukturları və nazirliklə yanaşı, yerlərdəki nümayəndəliklər də cəlb ediləcək. Bu prosesdə hər dəfə 2 min insanın iştirakı nəzərdə tutulur. Yaponiyalı mütəxəssislər Olimpiyadaya hazırlıq tədbirlərində server və saytlara haker hücumlarının qarşısını almağı, yarışlar üçün satılan biletlərin saytlarındakı şəffaflığını qorumağın yollarını öyrədəcəklər. Qeyd edək ki, Yaponiya hökumətini bu istiqamətdə təhlükəsilik tədbirlərini görməyə məcbur edən səbəb hakerlərin irimiqyaslı idman hadisələrinə xüsusi "marağı”nın olmasıdır. Belə ki, onlar tərəfindən London-2012 Olimpiya Oyunlarının rəsmi saytına 20 mln dəfə hücum olunmuşdu.

Plana əsasən, başlıca olaraq dövlət əhəmiyyətli sənədlər oflayn rejiminə keçiriləcək, bu da sənədlərin oğurlanmasını mümkünsüz edəcək. Yaponiya höküməti həmçinin kiberhücumların qarşısını almaq üçün başqa ölkələrin də köməyindən faydalanmağı düşünür.

Yaponiya Milli İnformasiya və Texnologiyalar İnstitutunun məlumatına əsasən hakerlərin hücumları ötən illərə nisbətən xeyli artıb.