Gürcüstan Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq barədə memorandum imzalanıb

Gürcüstan Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq barədə memorandum imzalanıb



AzərTAc Teleqraf Agentilyinin yaydığı məlumata görə, ARDNŞ-in Gürcüstan nümayəndəliyi ilə Gürcüstan Milli Olimpiya Komitəsi arasında memorandum imzalanmışdır.
Memorandum çərçivəsində ARDNŞ-in Gürcüstan nümayəndəliyi bu ölkədə müxtəlif Olimpiya proqramlarının, layihələrin, idman tədbirlərinin, Beynəlxalq və Avropa Olimpiya komitələrinin himayəsi altında keçirilən yarışların, Gürcüstan Milli Olimpiya Komitəsinin normal fəaliyyətinin təmin olunmasını, məşqçilərə, idmançılara sosial yardım edilməsi və s. tədbirlərin maliyyələşdirilməsini öhdəsinə götürmüşdür.
Memorandumu ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstan Olimpiya Komitəsinin prezidenti Leri Xabelov imzalamışlar.
ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov demişdir ki, Gürcüstanın şərəfli idman ənənəsi vardır. O, qeyd etmişdir ki, Milli Olimpiya Komitəsinin yardım üçün bizə müraciət etməsi təsadüfi deyildir. Biz Gürcüstanın dövlət büdcəsinə ən böyük vergi ödəyən şirkətik və Azərbaycanda idmanın inkişafına böyük dövlət qayğısı mövcuddur.
Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti Leri Xabelov təklifi tərəfdarlıqla qarşıladığına görə ARDNŞ-in Gürcüstan nümayəndəliyinə minnətdarlıq etmiş və bunu ölkələrimiz arasında münasibətlərin yaxşı nümunəsi saydığını bildirmişdir.