BP şirkəti Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri ilə bağladığı sazişin müddətini artırıb

BP şirkəti Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri ilə bağladığı sazişin müddətini artırıb





Mayın 6-da Milli Olimpiya Komitəsinin inzibati binasında BP şirkəti ilə Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi arasında tərəfdaşlığın 2016-cı ilə qədər uzadılmasının imzalanma mərasimi keçirildi. Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell, Olimpiya çempionları, tanınmış idmançılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər. BP şirkətinin ünsiyyət məsələləri üzrə meneceri Tamam Bayatlı Azərbaycan hökumətinin etibarlı tərəfdaşı olan BP şirkətinin Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə başladığı tərəfdaşlıq sazişinin müddətinin uzadılacağı barədə məlumat verdi. İlkin sazişin London-2012 Oyunlarından əvvəl, ötən ilin yanvarında imzalandığını xatırladan Tamam Bayatlı BP şirkətinin 2016-cı ilin sonunadək ölkəmizin milli komandalarına və nüfuzlu idmançılara dəstək verəcəyini dedi. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti Qordon Birrell Azərbaycan Milli Olimpiya və Paralimpyia Komitələri üçün 2016-cı ilin sonunadək tərəfdaşlığın davam etdiriləcəyindən məmnunluq hissi duyduğunu bildirdi: «Biz Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi üçün rəsmi enerji və neft-qaz tərəfdaşlığımızı 2016-cı ilin sonuna qədər davam etdirəcəyimizi bəyan etməkdən fərəh hissi duyuruq. London Yay Olimpiya oyunlarında xüsusi nümayəndə kimi seçdiyimiz idmançıların nailiyyətlərini izləyərkən və xüsusən də, onların vətənə medallarla qayıtmasının şahidi olduğumuzda böyük fəxr hissi duymuşuq. Biz idmançıların yarışlara hazırlığını və Azərbaycan üçün medallar qazanmaq uğrunda göstərdikləri səyləri izləməyə davam edəcəyik.
BP şirkəti 1992-ci ildə Bakıda ilk ofisini açdığı vaxtdan bu günə kimi Azərbaycandakı həyatın çox aspektlərində yaxından iştirak etməklə bir sıra nailiyyətlərə imza atımış və regiondakı hökumətlər, şirkətlər və digər maraqlı tərəflər ilə sıx tərəfdaşlıq yaradıb. Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə bağlanmış sazişin müddətinin imzalanması BP şirkətinin ölkə qarşısında uzunmüddətli öhdəliyini nümayiş etdirir».


Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə BP şirkəti ilə Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi arasında tərəfdaşlığın müddətinin uzadılmasından, idmançıların inkişafı naminə birgə fəaliyyətdən məmnunluq duyduğunu bildirdi. BP və MOK arasında sazişin ötən ilin yanvarından başladığını deyən vitse-prezident bu əməkdaşlığın uğurlu olduğunu bildirdi: «BP-nin idmançıları seçdiyi dövr London-2012-yə hazırlıq dövrünə təsadüf edirdi. Həmin vaxt artıq idmançılarımız London Olimpiadasına lisenziya qazanmışdılar. Şirkətin seçdiyi idmançılar Londonda uğurla çıxış etdilər. Azərbaycan idmançılarının Londonda 10 medal qazanmaları insanda qürur hissi yaradır. Bu, Azərbaycan idmanı tarixində görünməmiş nəticədir. Bu uğur onu göstərir ki, Azərbaycanda Olimpiya hərəkatı düzgün istiqamətdə inkişaf edir. Xatırladım ki, Azərbaycan idmançıları Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7, Londonda isə 10 medal qazanıblar. Fərəhli haldır ki, bu medallardan 2-sı qızıl oldu. Olimpiadada 53 idmançı ilə iştirak edib 10 medal qazanmaq, daha 10 nəfərin isə ilk 8-likdə yer alması uğurlu nəticədir. Azərbaycan London-2012-də dünyada 30-cu, Avropada 15, islam ölkələri arasında 3-cü oldu. Bütün bunlar ölkəmizdə idmanın inkişafının təzahürüdür. İdmançılarımızın uğurları artdıqca bizə dəstək verənlərin də sayı artır. İndi məqsədimiz BP şirkəti ilə əməkdaşlığı 2016-cı ilədək davam etdirməkdir. 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək Olimpiya oyunlarına lisenziya verən turnirlər hələ başlamayıb. İnanıram ki, qarşıdakı oyunlaradək BP şirkəti idmançılarımızın çıxışlarını təhlil edərək onların seçimi ilə bağlı düzgün qərar verəcək. Ümidvaram BP şirkəti tərəfindən seçilən idmançılar Braziliya Olimpiadasında da medal qazanacaqlar».
Azərbaycan Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bu əməkdaşlığın ənənəvi xarakter aldığını diqqətə çatdırdı. O, BP şirkətinin əməkdaşlarının Londonda idmançılara mənəvi dəstək göstərmələrini sevindirici hal kimi qiymətləndirdi. İlqar Rəhimov bu tərəfdaşlığın gələcək uğurlara töhfə verəcəyini dedi: «BP şirkətinin Azərbaycanda paralimpiya idman növlərini dəstəkləməyə davam etməsi idmanın cəmiyyətdəki hər bir şəxs üçün olduğunu bir daha göstərir. İdmançılarımızın peşəkarlıq səviyyəsi ümid verirdi ki, biz onlardan yüksək səviyyəli uğur gözləyək. 
                                                                   
                                                                                            
Təmsilçilərimiz ölkəmizi Londonda layiqincə təmsil edərək tarixi qələbələr qazandılar. İdmançılarımız əldə etdikləri nəticələrlə ölkəmizin idman uğurlarını elə bir səviyyəyə gətirib çıxarıblar ki, bu, üzərimizə daha böyük məsuliyyət qoyur. İdmançılarımız növbəti olimpiadalarda ya bundan da yaxşı çıxış etməli, ya da, ən azı, həmin uğuru təkrarlamalıdırlar». Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışan İlqar Rəhimov paralimpiyaçılarımızın qarşıdakı olimpiadaya daha da ciddi hazırlaşacağını dedi. O, Milli Paralimpiya Komitəsi tərəfindən idmançıların hazırlığına xüsusi diqqət yetiriləcəyini bildirdi. İlqar Rəhimov bugünlərdə Naxçıvanda 2 gün ərzində Paralimpiya Festivalının keçirldiyini də təbdir iştirakçılarının diqqətinə çatdırdı. O, belə tədbirlərin regionlarda istedadlı idmançıların seçimi və Paralimpiya Hərəkatına cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. Çıxışlar başa çatdıqdan sonra imzalanma mərasimi keçirildi. Yeni müqaviləni Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov imzaladılar.



Aysel Sultanova