Ağırlıqqaldıranımız «Krallar şəhəri»ndə dünya çempionu oldu

Ağırlıqqaldıranımız «Krallar şəhəri»ndə dünya çempionu oldu




Atletimiz 6 il dəyişməyən rekordu yenilədi




May ayının 2-də Perunun paytaxtı Limada ağırlıqqaldırma üzrə gənclər arasında dünya çempionatı start götürüb.
Cənubi Amerikada keçirilən yarışda Azərbaycan atletləri də iştirak edirlər. Belə ki, «krallar şəhəri»ndə keçirilən birincilikdə Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Nicat Rəhimov (77 kq), Elxan Əliqulizadə (77 kq), Kamran İsmayılov (85 kq) və Nailxan Nəbiyev (94 kq) kimi gənc idmançılarımız qüvvələrini sınayırlar. Ötən ay Albaniyanın Tirana şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanan Valentin Xristov növbəti uğurunu okeanın o tayında qazanıb.


62 kq çəki dərəcəsində çıxış edən yığmamızın üzvü yenidən rekordçular sırasına daxil olub. Dünya rekordunu yeniləyən Valentin Xristov birdənqaldırmada hərəkətində hər üç yanaşmanı uğurla tamamlayıb. O, 130 kq, 135 kq və 138 kq çəkinin öhdəsindən gələrək bu mərhələni qızıl medalla başa vurub. Təkanla qaldırma hərəkətində Valentin əvvəlcə 166 kq ağırlığın öhdəsindən gəlib. Valentinin bu çəkini qaldırsa da, onun nəticəsini qabaqlaya bilməyib. Atletimiz cəmi bir yanaşma ilə həm təkanla qaldırmada, həm də iki hərəkətinə cəmində qızıl medallara layiq görülüb - 316 kq (138 kq + 178 kq).

Rəqiblərin bu uğursuz çıxışı Valentin Xristova qələbə üçün şərait yaradıb.. Təkanla qaldırmada gənclər arasında dünya rekordunu yeniləmək üçün podiuma çıxan ağırlıqqaldıranımız ilk iki yanaşmada fərqlənə bilməyib. Lakin üçüncü cəhddə Xristov 178 kq ağırlığın öhdəsindən gəlib. Bununla o, 2007-ci ildə çinli Yanq Fanın Tayvanda göstərdiyi rekordu (177 kq) yeniləyib.
Mayın 11-nə qədər davam edən yarışda ölkəmizi Qadir Babayev Azərbaycanı hakim qismində təmsil edir.



Valentin Xristovun qazandığı mükafatdan sonra Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı-direktoru İsgəndər Əsgərov əlaqə saxladıq. AAAF rəsmisi bununla bağlı öz fikirlərini bildirdi. «Limada keçirilən dünya birinciliyi uğurla başlayıb. Yarışda iştirak hər bir idmançımız medal qazanmaq əzmindədir. Valentin Xristov Peruda keçirilən mötəbər yarışda ona bəslədiyimiz ümidləri bir daha doğrultdu. Bilirsiniz ki, bu yarışdan əvvəl Albaniyada o, həm çempionluq qazandı, həm də yeni rekordlara sahib çıxdı. Bu idmançının böyük gələcəyi var. O, dünyada asiyalı idmançılarla rəqabətə girmək qabiliyyətindədir. Limada göstərdiyi nəticəyə baxıb, bunu qətiyyətlə qeyd edirəm. Gənc olmasına baxmayaraq, Valentin qısa zaman ərzində böyük nailiyyətlər qazanıb. Qitə çempionatlarında, son Olimpiya oyunlarında medallar sahib çıxan ağırlıqqaldıranımızın böyük və parlaq gələcəyi var. Ümumiyyətlə gənclərdən ibarət yığmamız son yarışlarda böyük nəticələr əldə edib. Bu, bizi sevindirir. Belə düşünürük ki, Azərbaycan ağır atletikası sürətlə inkişaf edir, onun gələcəyi etibarlı əllərdədir. Limada yarış davam edir. İnanıram ki, okeanın o tayında keçirilən yarışda daha çox mükafat əldə edəcəyik», - deyə İsgəndər Əsgərəv bildirdi.



Anar Əhmədov