Karate-1 Premyer Liqa turnirində 19 idmançımız iştirak edəcək

Karate-1 Premyer Liqa turnirində 19 idmançımız iştirak edəcək

Türkiyənin İstanbul şəhərində iyunun 8-10-da Karate-1 Premyer Liqa turniri keçiriləcək. Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə karate üzrə əsas milli komandamızın 19 üzvü mübarizə aparacaq. Kişilərdən ibarət milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev karateçilərimizdən Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (67 kq), Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərova (84 kq-dan çox) etimad göstərib.
Qadınlardan ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev isə Nuranə Əliyeva, Fidan Teymurovanı (hər ikisi 50 kq), İlahə Qasımovanı (55 kq), Fəridə Abiyevanı (61 kq), İrina Zaretskanı (68 kq) və Fəridə Əliyevanı (68 kq-dan çox) heyətə daxil edib.
Baş məşqçi Vahid Ayvazovun çalışdırdığı kataçılardan isə fərdi yarışlarda Roman Heydərov, komanda hesabında isə Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət mübarizə aparacaq.
Qeyd edək ki, 63 ölkədən 607 idmançı iştirak edəcəyi Premyer Liqa yarışlarında medallardan başqa hər qələbə idmançılara dünya reytinq xalları qazandıracaq.