Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman xronikası

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman xronikası



Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə T. Bəhramov adına respublika stadionunda 1996-97-ci il təvəllüdlü oğlanlar və qızlar arasında atletika üzrə paytaxt birinciliyi keçirilib. Yarışda «Neftçi» İSM, «Təhsil» RİM, «Məhsul» İC, «Spartak» İC, BTİ, «Atletika» İK və «Ümid» İK-nı təmsil edən 115 nəfər idmançı (43 nəfər qız) iştirak edib. Oğlanlar arasında 1500 m məsafədə I yerə Andrey Aranoviç («Məhsul» İC), 400 m məsafədə I yerə Ağaismayıl İsmayılov («Neftçi» İSM), 100 m məsafədə I yerə Vəli Məmmədov (BTİ) çıxıb. «Neftçi» İSM-in üzvü Ağaismayıl İsmayılov 200 m məsafədə də I yerə layiq görülüb. 800 m məsafə üzrə yarışda Zaur Əliyev («Təhsil» RİM), uzunluğa tullanmada Nazim Babayev (BTİ), nüvəitələmədə Həsən Babayev («Təhsil» RİM) rəqiblərini üstələyiblər. Qızlar arasında isə 400 və 800 m məsafə üzrə yarışda Yana Zəhrəddinova («Məhsul» İC) birinci olub. 100 m məsafəyə qaçışda Valeriya Lipina (BTİ), 200 m məsafədə Nərminə Məmmədova («Ümid» İK), uzunluğa tullanmada Ofeliya Fərhadova (BTİ), nüvəitələmədə Nərmin Məmmədli («Təhsil» RİM) fəxri kürsünün birinci pilləsinə layiq görülüblər. İlk üç yeri tutanlar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.



*  *  *  *  *



Otüstü Hokkey Federasiyasının stadionunda otüstü hokkey üzrə Bakı şəhər açıq çempionatı keçirilib. Çempionatda 6 komanda mübarizə aparıb. Yekun nəticələrə görə, «Təhsil» Respublika İdman Mərkəzinin komandası birinci yerə layiq görülüb. Mərkəzin Sumqayıt filialının təmsilçiləri II yeri tutublar. «Atasport» komandası üçüncü olub.
Qalib komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.







*  *  *  *  *

Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda qılıncoynatma üzrə Bakı şəhər çempionatı keçirilib.

Birincilikdə "Neftçi» İSM, 8 saylı İOEUGİM, 14 saylı UGİM (Binəqədi) və "Fencing» İK kimi komandaları təmsil edən 65 idmançı mübarizə aparıb. Onlar şpaqa, sablya, rapira növləri üzrə yarışıblar.

Şpaqa növü üzrə qadınlar arasında I yerə Yuliya Nelyubova («Neftçi» İSM) layiq görülüb. Onun komanda yoldaşı Sevil Bünyatova sablya növündə bütün rəqiblərini üstələyib. «Fencing» klubunun idmançısı Nübar Məlikova rapira yarışlarında birinci olub.
Çempionatda kişilər arasında şpaqa növü üzrə Vəkil Nəsibov (8 saylı İOEUGİM), sablya növündə Samir Məmmədov («Neftçi» İSM) fəxri kürsünün birinci pilləsində yer alıblar. «Fencing» klubunun üzvü Yusif Seyidov rapira yarışlarında rəqiblərini qabaqlayıb. Yarışda I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.