Belçikanın Leven şəhərində "Grand Chess Tour 2018” seriyasının birinci mərhələsinə start verilir. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də birinci mərhələ sürətli şahmat və blits formatında keçiriləcək.
Bu turnirdə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov, rusiyalılar – Sergey Karyakin və Aleksandr Qrişşuk, amerikalılar Fabiano Karuana, Uesli So və Hikaru Nakamura, fransız Maksim Vaşye-Laqrav, hindistanlı Vişvanatan Anand və hollandiyalı Aniş Giri çıxış edəcəklər. Giri bu seriyanın yalnız bir turnirində oynayacaq və ümumi hesabda iştirak etməyəcək.
Yarışlar dairəvi sistem üzərində keçiriləcək. İyunun 12-dən 14-dək rəqiblər bir dövrə sürətli şahmat, sonra iyunun 15-də və 16-da iki dövrəlik blits-turnirdə oynayacaqlar. Sürətli şahmat oyunları gündə 3 turdan ibarət olacaq və hər oyun üçün 25 dəqiqə+ hər gedişə 10 saniyə, blits turnirində 5 dəqiqə+ hər gedişə 3 saniyə vaxt ayrılacaq. Rapiddə xallar ikiqat hesablanacaq.