Azərbaycan bayrağı Everest zirvəsində dalğalandı

Azərbaycan bayrağı Everest zirvəsində dalğalandı


Mayın 19-da Azərbaycan alpinisti Murad Aşurlı beynəlxalq komandanın heyətində planetin ən uca zirvəsinə - Everestə qalxıb və orada Azərbaycan bayrağını yüksəldib. Azərbaycan Alpinizm Federasiyasından olimpnews.az saytına verilən məlumata görə, hündürlüyü 8848 metr olan Everest zirvəsinin fəthi klassik marşrut üzrə həyata keçirilib (Tibet, Çin). Səhər saatlarında hava şəraitinin yaxşılaşdırılmasından istifadə edən alpinistlər 8300 metr yüksəklikdə yerləşən zirvəyə qalxıblar. Komanda sübh çağına kimi zirvəyə çatıb.
Qeyd edək ki, Murad Aşırlı hazırda ABŞ-da yaşayır və işləyir. AAF-ın və "American Alpine Club"-un üzvüdür. Son on ildə Murad Avropanın, Şimali və Cənubi Amerikanın ən hündür zirvələrini - Mak-Kinli, Elbrus, Akonkaqua, həmçinin Qafqaz dağları fəth edib. Pamirdə, Andda, Mərkəzi və Şimali Amerikada yürüşlər edib.
Xatırladaq ki, həmyerlimiz İsrafil Aşurlı 2007-ci il mayın 19-da planetin ən uca zirvəsini fəth edən ilk Azərbaycan vətəndaşıdır. Maraqlıdır ki, o hadisədən 6 il sonra məhz İsrafilin əmisi oğlu, Murad Aşurlı milli bayrağımızı planetin ən yüksək zirvəsində bir daha dalğalandırıb.