Kişi voleybolçularımızı çətin sınaq gözləyir

Kişi voleybolçularımızı çətin sınaq gözləyir


Mayın 24-26-da Xorvatiyanın paytaxtı Zaqreb şəhərində kişi voleybolçular arasında dünya çempionatının təsnifat oyunları keçiriləcək. Azərbaycanın kişilərdən ibarət milli yığma komandası yarışlarda iştirak etmək üçün 2 gündən sonra Zaqreb şəhərinə yola düşəcək. Yığmamız bu yarışda Hollandiya, Bosniya və Hersoqovina və Xorvatiya kimi güclü rəqiblərlə bir qrupda yer alıb. Artıq 2 aya yaxındır ki, millimiz Azərbaycan Voleybol Federasiyasının idman zalında gündə 2 dəfə olmaqla gərgin məşq prosesi keçir. Fiziki hazırlıq üzrə təyin olunmuş trenajor məşqləri və sauna "Neftçi” İdman - Sağlamlıq Bazasında təşkil olunur. Yığmanın tərkibini gücləndirmək üçün İran İslam Respublikası və Qazaxıstan Respublikasının klublarında çıxış edən oyunçularımız - Dmitri Obodnikov və Yevgeni Kovolenko da artıq bir aya yaxındır ki, millinin düşərgəsindədirlər.
Təsnifat oyunlarında layiqincə təmsil olunmaq məqsədilə federasiya rəhbərliyi komandanın təchizatı üçün lazımı tədbirlər görüb. Oyunçular idman ayaqqabıları, bir neçə dəst oyun geyimləri, məşq prosesi və parad nümayişi üçün lazım olan idman geyimləri ilə təmin ediliblər.
Komandamızın dünya çempionatının təsnifat yarşlarına yüksək səviyyədə yola salınması məqsədilə bu gün AVF-nin vitse-prezidenti Faiq Qarayev millinin rəhbərliyi və oyunçuları ilə görüşəcək. Qeyd edim ki, biz Faiq Qarayevin qayğısını daim hiss edirik və onun AVF-nin vitse-prezidenti kimi, bu yarışlarda milli yığmanın qarşısına qoyacağı vəzifənin öhdəsindən gələcəyimizə inanırıq.
Mən, komandaya rəhbərlik edən şəxs kimi, onu qeyd etmək istərdim ki, bu yarışlarda millimizi çox çətin və məsuliyyətli oyunlar gözləyir. Çünki bizimlə qrupda yer almış komandalar Avropanın ən güclü və ən təcrübəli komandalardır. Bu gün yığmanın hər bir oyunçusu bu məsuliyyəti yaxşı dərk edir. Qeyd etmək istərdim ki, komandamızın heyətində daha çox gənc voleybolçuların yer almasına baxmayaraq, biz bu il respublika daxilində keçirilən bir neçə turnirdə birinci pilləyə yüksəlib.
Komanda mayın 6-da "Yeni Azərbaycan”, "Səs”, "İki Sahil” qəzetlərinin və AVF-nin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş turnirin qalibidir.
Bu gün istər AVF-nin rəhbərliyi, istərsə də komandanın məşqçilər korpusu bu yarışda milli yığmanın layiqincə təmsil olunması üçün əlindən gələni əsirgəmir. Yığmanın təsnifat turnirində hazırlığına yaxından köməklik göstərən Gənclər və İdman Nazirliyinin rəhbərliyinə, komandaya qayğı və dəstəyini əsirgməyən Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmədova, federasiyanın vitse-prezidenti Faiq Qarayevə öz adımdan və voleybolçuların adından təşəkkür edirəm. Çalışacağıq ki, milli yığma Xorvatiyada ölkəmizin idman şərəfini yüksək səviyyədə qorusun.

İntizar Məmmədova,
yığma komandanın rəhbəri