Hollandiya yığmasının keçmiş volleybolçusu İnqrid Visser və onun vətəndaş nikahında yaşadığı volleybol üzrə Hollandiya yığmasının keçmiş məşqçisi Lyudovik Severeynin İspaniyada ölü tapıldığı barədə məlumat yayılıb.
İspaniya mətbuatının yazdığına görə, cütlüyün cəsədləri Alkeyras kəndi yaxınlığındakı meşə massivində basdırılmış vəziyyətdə aşkar edilib.
Cinayət yerini araşdıran İspaniya polisi baş verən hadisə ilə bağlı KİV-lərə bəzi məlumatlar verib.
Qeyd edək ki, cütlüyü son dəfə mayın 13-də günün ikinci yarısında yerləşdikləri oteldən çıxarkən görüblər. İnqrid və Lüdovik İspaniyaya tibbi müayinədən keçmək üçün gəliblər, lakin əvvəlcədən danışılmış qəbul vaxtında müayinəyə gəlməyiblər. Mayın 15-də cütlüyün nə otelə, nə də ki, Hollandiyaya geri qayıtmadığı məlum olduqdan sonra, yaxınları və qohumlarının müraciəti ilə polis hadisəni araşdırmaya başlayıb.
Axtarışlar 11 gün davam edib, hətta Valensiya əyalətində şübhəli şəxslər saxlanılıb. Lakin onların hadisə ilə əlaqəsinin olması barədə məlumat yoxdur. Qətl faktı üzrə təhqiqat davam edir.