Şəhriyar Məmmədyarov üçüncü yeri tutub

Şəhriyar Məmmədyarov üçüncü yeri tutub


ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Grand Chess Tour 2018” seriyasının üçüncü mərhələsi - "Saint Louis Rapid & Blitz” turniri Hikaru Nakamuranın qələbəsi ilə başa çatıb. Blits üzrə yarışların ikinci dövrəsində amerikalı şahmatçı 9 mümkün xaldan 5,5 xal toplayıb və bununla da topladığı xalları 22,5-ə çatdırıb. Nakamura onu izləyən Maksim Vaşye-Laqravı 1 xal üstələyib.
Belə ki, üçüncü yeri 21 xalla (4) şahmatçımız Şəhriyar Məmmədyarov, dördüncü yeri 20 xalla (4,5) İtaliya təmsilçisi Fabiano Karuana tutub.
Yarış iştirakçılarının yekun mövqeləri (rapid + blits) belədir: 1.Hikaru Nakamura – 22,5 xal; 2.Maksim Vaşye-Laqrav – 21,5 xal; 3.Şəhriyar Məmmədyarov – 21 xal; 4.Fabiano Karuana – 20 xal; 5.Levon Aronyan – 18 xal; 6.Sergey Karyakin – 17 xal; 7.Lenyer Dominqes – 16 xal; 8.Aleksandr Qrişşuk – 15,5 xal; 9.Uesli So – 15 xal; 10.Vişvanatan Anand – 13,5 xal.
Qeyd edək ki, bu il turnirin keçirilmə sistemi dəyişdirilib. Belə ki, dörd mərhələnin yekunlarına görə 1-4-cü yerləri tutan iştirakçılar seriyanın bu ilin dekabrında Londonda keçiriləcək final turnirində çıxış etmək imkanı qazanacaqlar.
"Grand Chess Tour 2018”in sabah açılışı olacaq dördüncü mərhələsi – vaxta klassik nəzarət qaydasında keçirilən "Sinquefield Cup” turnirinin ilk qarşılaşmaları avqustun 18-də baş tutacaq. Təşkilatçılar tərəfindən nominant qismində hazırkı dünya çempionu norveçli Maqnus Karlsen çıxış edəcək.