"Azəryol” komandası növbəti transferini reallaşdırıb. Komanda ABŞ millisinin voleybolçusu Tom Loqanla razılığa gəlib. 32 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb. O, Bakı klubuna Braziliyanın "Unilever” klubundan transfer edilib. Loqan buna qədər "Stanford University” (1999-2002, ABŞ), "Minas” (2003), "Cesi” (2003-2004), "Çyieri” (2004-2005), "Novara” (2009-2010, hamısı İtaliya), "Volero” (2005-2006, İsveçrə), "Tenerife” (2006-2007, İspaniya), "Quançjou Everqrand” (2010-2011, Çin) və "Fənərbağça” (2010-2012, Türkiyə) klublarının heyətində çıxış edib.
Yer aldığı bütün klublarda medal qazanan Tom Loqan avrokubokların da müxtəlif əyarlı medallarına layiq görülüb. 2012-ci ildə isə, o, "Fənərbağça” klubu ilə Bakıda Çempionlar Liqasının qızıl medalını qazanıb. O, yığmasının heyətində də kifayət qədər titula yiyələnib. 2000-ci ildən əsas komandada çıxış edən Tom Loqan dünya Qran-prisinin 4 dəfə qızıl (2001, 2010, 2011, 2012), 2 dəfə bürünc medalına (2003, 2004) sahib çıxıb. Pekin və London Olimpiadasının finalında qüvvəsini sınayan voleybolçu 2002-ci ildə dünya çempionatının gümüş medallarına yiyələnib. Loqan həmçinin Dünya kubokunun 1 gümüş (2011) və 2 bürünc (2003, 2007) medalına da yiyələnib. O, titul qazandığı yarışlarda dəfələrlə ən yaxşı voleybolçu adına layiq görülüb.
Qeyd edək ki,”Azəryol” Oksana Porxomenko, Kseniya Kovelenko və Valeriya Korotenko ilə müqavilənin müddətini artırıb.