Dünən Azərbaycan tarixində ilk dəfə Himalay ekspedisiyasına start verilib. Azərbaycan Alpinizm Federasiyasından qəzetimizə verilən məlumata görə, Azərbaycan milli komandasının üzvləri Pakistana yola düşüblər. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yürüşdə əsas məqsəd Nanqa-Parbat zirvəsini (8125 m) fəth etməkdir. Xatırladaq ki, buna qədər idmançılarımız müxtəlif beynəlxalq ekspedisiyaların tərkibində altı dəfə Himalaya yürüş ediblər. Bu səfər Himalayda milli ekspedisiyamız üçün ilk təcrübədir. Komandanın heyətinə Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı, federasiyanın üzvləri İsmayıl Əsgərov və Rüfət Qocayev daxildirlər. Komandamız Diamerskoy divarı üzrə Kinşofer marşrutunu dəf etmək niyyətindədir. İdmançılarımızla yanaşı, Ukrayna, Rusiya, Polşa, Gürcüstan komandaları da paralel olaraq Nanqa-Parbata ekspedisiya edəcəklər. Məlumat üçün bildirək ki, Nanqa-Parbat (8125 m) dünyada hündürlüyünə görə doqquzuncu zirvədir. Pakistan ərazisində yerləşən bu dağ Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir. Bu dağ alpinistlər üçün ən sərt dağlardan biri hesab edilir. Belə ki, sözügedən dağ uzun müddət hündürlüyü səkkiz min metrdən çox olan zirvələr arasında dünya üzrə "ölüm reytinqlərində” birinci idi. Everest, K2 və Annapurnoy dağları ilə yanaşı, Nanqa-Parbat onun ətəklərində həlak olan alpinistlərin sayına görə liderdir və bunun üçün "qatil dağ” adlandırılır. Nanqa-Parbat 2000 kilometr uzunluğu olan əymə Himalayın dağ silsiləsinin qərb qurtaracağının nəhəng massividir, Pakistanın İnd döngəsində yerləşir. Çoxsaylı "daraqlarla”, sallaq buzlaq və qayalıq qalalarla, 5000 metrlik divarı ilə öz qonşuları üzərində 1000 m artıq ucalır.
Dağ çox dəhşətli təsir bağışlayır. Balti tayfası onu Diamir (Dağların kralı) adlandırır, lakin o, daha çox Nanqa-Parbat kimi tanınır, sanskrit dilində "dəhşətli çılpaq dağ” deməkdir. Dünyada dəniz səviyyəsindən hündürlüyü səkkiz min metr yüksək olan 14 zirvə var. Bunlardan 10-u Himalayda (Nepal, Hindistan, Çin Tibeti), 4-ü isə qərbdən yanaşan Karakorumda(Pakistan, Çin) yerləşir.
Azərbaycanın alpinizm tarixində Himalaya 6 dəfə (2003, 2007, 2011 və 2013-cü illərdə) yürüş cəhdləri edilib. Bunlardan 4-ü uğurlu olub. Planetin ən yüksək nöqtəsini İsrafil Aşurlı və Murad Aşurlı fəth edib.
Beynəlxalq ekspedisiyaların tərkibində Himalay dağlarına yürüş edən Azərbaycan alpinistlərinin ekspedisiya xronikası:
Everest (8848m)
1999-cu il - Saridan Mursaqulov
2007-ci il - İsrafil Aşurlı
2011-ci il - İsmayıl Əsgərov
2013-cü il - Murad Aşırlı
Kançencanqa (8586m)
2011-ci il - İsrafil Aşurlı
Parilapçe (6013 m)
2003-cü il - İsrafil Aşurlu