Universitet təmsilçisinin heyətində yeni “tələbə”

Universitet təmsilçisinin heyətində yeni “tələbə”

"İqtisadçı” klubu növbəti mövsüm üçün hazırlıqlarını davam etdirir. Bu il Çempionlar Liqasında ilk dəfə olaraq çıxış edəcək komanda daha bir voleybolçunu heyətinə cəlb edib. "Tələbələr” ABŞ yığmasının voleybolçusu Aleksandra Klinemanla müqavilə imzalayıblar. 24 yaşlı oyunçu yeni komandasına İtaliyanın "Villa Kortese” klubundan transfer edilib. Aleksandra buna qədər "Stanford University” (2007-2010) və "Skovolini” (2011-2012) klublarının şərəfini qoruyub. Apennin yarımadasında son 2 mövsümdə ölkə kubokunun finalında mübarizə aparan voleybolçu bu il həmin yarışda qalib olub. 2008-ci ildən öz ölkəsinin millisinə dəvət alan Klineman 2011-ci ildə Panamerika oyunlarında bürünc medal qazanıb. 195 sm boya malik voleybolçu həmçinin gənclər yığmasının heyətində də mükafatçılar sırasında yer alıb.”İqtisadçı” klubu həmçinin Çin millisinin oyunçusu Vey Kiuyue ilə razılığa gəlib. 25 yaşlı toppaylayıcı ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasına "Tianjin” klubundan transfer edilib.
182 sm boya malik toppaylayıcı "Tianjin”la 7 dəfə Çin çempionu, 3 dəfə Asiya Çempionlar Liqasının qalibi olub. O, həmçinin ölkə çempionatında gümüş medal da qazanıb.
2006-cı ildə əsas milliyə dəvət alan voleybolçu 200-dən artıq oyunda qüvvəsini sınayıb. Kiuyue Asiya Oyunlarının (2010), Asiya çempionatının (2011) və Asiya kubokunun (2008, 2010) qalibi olub.
Çinli oyunçu qitə çempionatının 2 (2007, 2009), dünya Qran-prisinin 1 gümüş (2007), Pekin Yay Olimpiya Oyunlarının (2008) və dünya çempionatının bürünc (2011) medallarına yiyələnib.