Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında cüdoçumuz qızıl medal qazandı
12:00 08.10.2018
34250
Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yeniyetmələrdən ibarət Olimpiya
komandamız ilk medalını qazanıb. Olimpiadanın cüdo yarışlarında 66 kiloqram
çəki dərəcəsində çıxış edən yeniyetmə atletimiz Vüqar Talıbov bütün rəqiblərini
məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuz ilk
görüşündə yəmənli Əhəd Əl-Saqheeraya şans verməyərək, ikinci görüşdəki tacikistanlı
rəqibi Camşed Sulaimoni də məğlub edib. Dominikan Respublikasının idmançısı
Antonio Tornalanı finala gedən yolda yeniyetmə cüdoçumuzun üçüncü rəqibi olub. Dominikanlı
rəqibi üzərində də uğur qazanan idmançımız bu qələbəsi ilə finala yüksəlib. Bütün görüşlərini qələbə əzmi
ilə keçirən cüdoçumuzun finaldakı rəqibi Rusiya idmançısı Abrek Naquçev olub. Qızıl
medal uğrunda görüş gərgin keçsə də rusiyalı Abrek Naquçev üzərində parlaq
qələbə qazanan Vüqar Talıbov qızıl medala sahib çıxaraq yeniyetmələr arasında
Olimpiya çempionu olub. Cüdo yarışlarını Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev,
SOKAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə, Gənclər və İdman nazirliyinin
idman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov da izləmişlər.
Təltifetmə mərasimindən dərhal sonra idmançıların məşq zalına gələn MOK-un
vitse-prezidenti Çingiz Hüseynzadə və nümayəndə heyətinin üzvləri parlaq qələbəsi
ilə komandamıza ilk medal qazandıran Vüqar Talıbovu təbrik etmiş və digər
idmançılara da qarşıdakı yarıçlarda uğurlar arzulamışlar.