Yeniyetmə idmançılarımız III Yay Olimpiya Oyunlarını 6 medalla başa vurdular

Yeniyetmə idmançılarımız III Yay Olimpiya Oyunlarını 6 medalla başa vurdular




Oktyabrın 6-dan 18-dək Argentinanın Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunları başa çatdı. Azərbaycan komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 (2 qızıl, 1 gümüş və 3 bürünc) başa vurdu.
Azərbaycanı Argentinada təmsil edən 17 idmançıdan 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medala sahib oldu. Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) qızıl medala layiq görülərək vətənə Olimpiya çempionu kimi qayıtdılar. 
Komandımıza yeganə gümüş medalı ağırlıqqaldıran Tarmenxan Babayev (85 kq) qazandırdı. Tekvondoçumuz Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və qadın güləşçimiz Şahanə Nəzərova (43 kq) isə bürünc medala sahib oldular. 
Bədii gimnast Yelizaveta Luzanın qazandığı qızıl medal Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının hesabına yazıldığından gimnastımızın qızıl medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib. Bu nəticə ilə Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub.
206 ölkədən 4 mindən artıq idmançının iştirak etdiyi Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi adını 59 (29 qızıl, 18 gümüş və 12 bürünc) medalla Rusiya millisi qazanıb. Çin 36 (18 qızıl, 9 gümüş və 9 bürünc) medalla yarışları ikinci yerdə başa vurub. Yaponiya 39 (15 qızıl, 12 gümüş və 12 bürünc) üçüncü yerdə qərarlaşıb.
Macarıstan 24 (12 qızıl, 7 gümüş və 5 bürünc) medalla dördüncü, İtaliya 34 (11 qızıl, 10 gümüş və 13 bürünc) medalla beşinci olub. Ümumilikdə, olimpiadada 92 ölkənin idmançıları medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan idmançıları Sinqapur-2010 Yay Olimpiya Oyunlarında 8 (5 qızıl, 3 gümüş) medal qazanmaqla 204 ölkə arasında 11-ci yeri tutublar. Nankin-2014 Olimpiadasında isə 12 (5 qızıl, 6 gümüş, 1 bürünc) medal əldə edən yığmamız yarışları 203 ölkə arasında 10-cu yerdə başa vurub.
Məlumat üçün bildirək ki, Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına 2022-ci ildə Seneqalın paytaxtı Dakar ev sahibliyi edəcək.