Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıblar

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıblar


Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları oktyabrın 22-də Vətənə qayıdıblar.
"Buenos-Ayres 2018”də Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış olimpiyaçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə qarşılayıblar.
On yeddi idmançı ilə Olimpiadaya yollanan milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Ağırlıqqaldırma yarışında çıxış edən Tarmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər. Bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib. Beləliklə, Azərbaycan milli komandası Olimpiadanın medal sıralamasında 33-34-cü yerləri bölüşüb.
Olimpiadada Azərbaycana medal qazandıran idmançıların parlaq gələcəyi olduğunu bildirən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov idmana göstərilən dövlət qayğısından danışıb. Vurğulayıb ki, qazanılan medallar ölkəmizdə federasiyaların uğurlu fəaliyyətinin bariz nümunəsidir. Gənclər və İdman Nazirliyi cəmiyyət və klublarla sıx əməkdaşlıq edir. Bütün bunlar ölkəmizdə idmanın inkişafına təkan verir. Arzu edirəm ki, idmançılar nailiyyətləri ilə bundan sonra da xalqımızı sevindirsin.
Vətənə qızıl medalla qayıtdığı üçün qürur hissi keçirdiyini bildirən Olimpiya çempionu Turan Bayramov deyib: "Qazandığım medal dörd illik gərgin zəhmətin bəhrəsidir. Bizə yaratdığı yüksək şəraitə gör, dövlətimizə təşəkkürümü bildirirəm. Yarışda bütün qitələrdən ən güclü idmançıları iştirak edirdilər. Ən çətin görüşüm İran güləşçisinə qarşı oldu. Sevinirəm ki, onu da məğlub etməyi bacardım. Qarşıdakı hədəfim 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır”.
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanın aktivinə ilk qızıl medalı yazdıran Vüqar Talıbov deyib: "Üzərimdə böyük məsuliyyət var. Bu nəticəmi təkrarlamaq üçün növbəti yarışlara daha əzmlə hazırlaşmalıyam. Ümid edirəm ki, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxacağam.
Məşqçilərinə minnətdarlığını bildirən "Buenos-Ayres 2018” gümüş mükafatçısı Tarmenxan Babayev bildirib: "Qızıl medalı qazanmağa çox yaxın idim. Ancaq çempionluq italiyalı atletə qismət oldu. Çəki salmağım da nəticəmə öz təsirini göstərdi. Növbəti hədəfim "Tokio-2020” Yay Olimpiya Oyunları olacaq”.
206 ölkədən 4 mindən artıq idmançının qatıldığı Olimpiadada 29 qızıl, 18 gümüş və 12 bürünc medal qazanan Rusiya millisi komanda hesabında birinci olub. Çin (18-9-9) ikinci, Yaponiya (15-12-12) üçüncü, Macarıstan (12-7-5) dördüncü, İtaliya (11-10-13) isə beşinci olub. Ümumilikdə, 92 ölkənin idmançıları medal qazanıblar.
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına 2022-ci ildə Seneqalın paytaxtı Dakar ev sahibliyi edəcək.