FİDE Qran-Pri turnirlərində iştirak edəcək şahmatçıları açıqlayıb.
Qran-Pridə Azərbaycanı iki qrossmeyster təmsil edəcək.
4 ölkədə təşkil olunacaq yarışda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizə aparacaq. İlk Qran-Pri mayın 16-30-da Rusiyanın paytaxtı Moskvada, növbəti turnir iyulun 11-25-də Latviyanın paytaxtı Riqada keçiriləcək.
Almaniyanın Hamburq şəhəri noyabrın 4-18-də yarışa ev sahibliyi edəcək. Sonuncusu isə dekabrın 10-24-də İsrailin paytaxtı Tel-Əvivdə olacaq.
Rəcəbov Riqadakı, Məmmədyarov isə Hamburqdakı turnirə qatılmayacaq. FIDE Qran-Priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib.
Turnirin hər bir mərhələsində 16 şahmatçı, o cümlədən tədbirin təşkilatçıları tərəfindən irəli sürülən bir nəfər iştirak edəcək.
Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edəcək.
FİDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-Pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.