Milli komandamız Astanada
Martın 5-də Astanada şahmat üzrə komandalararası dünya çempionatı start götürəcək.
Yarışlarda iştirak edəcək dünyanın ən güclü 10 komandasının siyahısında Azərbaycan yığmasının da adı var. Qızıl medal uğrunda mübarizə aparan komandaların yarışında orta reytinqə görə ən güclü heyət Rusiyaya məxsusdur (Sergey Karyakin (2753), Yan Nepomnyaşiy (2771), Aleksandr Qrişyuk (2771), Dmitri Andreykin (2725), Vladislav Artemyev (2736). Reytinqə görə sonrakı pillədə Çin komandası qərarlaşıb (Dinq Liren (2812), Yu Yanyi (2761), Bu Syandji (2731), Ni Xua (2683), Vey Yi (2730). Üçüncü ən güclü heyət Azərbaycanındır- (Arkadi Naydiç (2710), Rauf Məmmədov (2691), Qədir Hüseynov (2664), Eltac Səfərli (2640), Nicat Abbasov (2630).
Komandamızın ən güclü oyunçuları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FIDE Qran-prilərinə hazırlıqla əlaqədar yarışda iştirak etməyəcəklər.
Sonrakı yerlərdə İngiltərə, Hindistan, ABŞ, İran, Qazaxıstan, İsveç və Misir komandalarıdır. İştirakçı komandalardan bir neçəsində millinin ən yaxşı oyunçularının olmamasının nəticəyə təsirini gözləmək olar. Məsələn, Azərbaycan, Hindistan və ABŞ komandalarının ən yaxşı oyunçuları çempionatda iştirak etməyəcək. Mütəxəssislər bu yarışa ilk dəfə qatılacaq İran komandasına da böyük ümidlər bəsləyirlər. Reytinq cədvəlinə nəzər salsaq, İran komandası 7-ci yerdədir (Parham Maqsudlu (2670), Əlirza Firuzdja (2653), Puya İdani (2604), Amin Tabatabaye (2595), Ehsan Qayem Maqami (2586).
Deməli, burada əsas reytinq deyil, idmançıların hazırkı formasıdır. Dünya ən nüfuzlu şahmat turnirlərindən birini gözləyir və burada mübarizə heç də asan olmayacaq.