“Tələbələrin” sayı artır

“Tələbələrin” sayı artır

"İqtisadçı” klubu heyətini gücləndirməkdə davam edir. Bakı təmsilçisi yeni mövsüm üçün 7-ci transferini rəsmiləşdirib. ABŞ millisinin üzvü Kim Vilouqbi universitet komandasının uğurları üçün çalışacaq. 33 yaşlı voleybolçu ilə 1 illik müqavilə bağlayıb. Kim yeni komandasına Puerto-Rikonın "Pinkin de Korozal” klubundan transfer edilib.
180 sm boya malik Kim karyerasına "University of Havaii” (1999-2003) klubunda başlayıb. O, "Kriollas de Kaqaus” (2003-2005), "Valenkianas de Yunkos” (hər ikisi Puerto-Riko, 2009, 2011-2012), "Mursiya” (İspaniya, 2005-2006), "Santeramo Sport” (2006-2007), "Çyeri” (2007-2008) və "Peruca” (hamısı İtaliya, 2008-2009) klublarında da çıxış edib.
Kim Puerto-Riko (2005) və İspaniya çempionatının qızıl medallarını (2006) qazanıb. O, həmçinin 2009-cu ildə Çempionlar Liqasının üçüncüsü olub. 2008-ci ildən öz millisinin heyətində çıxış edən voleybolçu elə həmin il Pekin Olimpiadasının finalında mübarizə aparıb. Bununla bərabər "tələbələr”27 yaşlı, 176 sm boya malik Onuma Sittirakla müqaviləni yeniləyiblər. 2004-cü ildə Asiya Çempionlar Liqasının ən gözəli seçilən Tailand millisinin üzvü daha 1 il "İqtisadçı”nın uğurları üçün çalışacaq.
Çempionlar Liqasında debüt edəcək "İqtisadçı” Serbiya millisinin ulduz voleybolçusu Brizitka Molnarı da komandanın heyətinə cəlb etmək istəyir. Bakı təmsilçisi son mövsümdə "Qalatasaray”da forma geyinən 28 yaşlı oyunçu ilə danışıqlara başlayıb. Onun "İqtisadçı” ilə tezliklə razılığa qəlib, müqaviləyə imza atması istisna edilmir. Karyerasına yerli ZOK Klek-də başlayan (2000-2006) Molnar ardınca Rumıniyada "Metal Qalati” (2006-2009), Yunanıstanda "Panatinaikos” (2009-2011) və Yaponiyada NEC klublarının şərəfini qoruyub. Komandası ilə birlikdə 3 dəfə Rumıniya, 2 dəfə Yunanıstan çempionu olan voleybolçu ölkə kuboklarının 4 dəfə qızıl medallarına sahib çıxıb. "Metal Qalati” ilə 3 dəfə kuboku başı üzərinə qaldıran Brizitka bu uğura 1 dəfə də "Panatinaikos”la imza atıb. 2012-ci ildə Türkiyə Super kubokunda mübarizə aparan oyunçu son mövsümdə bürünc medal qazanıb.
Brizitka öz millisinin heyətində Avropa çempionu (2011) və Avropa Liqasının 3 dəfə qalibi (2009, 2010, 2011) olub. Qitə çempionatında həmçinin komandası ilə birlikdə gümüş medala yiyələnən (2007) voleybolçu dünya çempionatında (2006) və dünya Qran-prisində (2011) 3-cü mükafata layiq görülüb.
Qeyd edək ki, "İqtisadçı” buna qədər Vey Kiuyue, Yun Ven Ma (hər ikisi Çin), Aleksandra Klineman (ABŞ), Manon Flier (Hollandiya), Valentina Serena (İtaliya) və Lenka Dürrü (Almaniya) transfer edib.