Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Rumıniya yığması yeni baş məşqçi ilə müqavilə imzalayıb.
Komandanı Avropa çempionatına italiyalı mütəxəssis Luçiano Pedulla çıxaracaq. O, bu postda Nikolay İvanovu əvəzləyib.
Pedulla daha əvvəllər gənc voleybolçulardan ibarət İtaliya millisi, "Novara” və "Montsa” klublarını çalışdırıb.
Rumıniya Futbol Federasiyasının rəsmiləri italiyalı mütəxəssisin rəhbərliyi altında yığmanın Avropa çempionatında uğurla çıxış edəcəyinə inanırlar.
Avqustun 23-dən sentyabrın 8-dək Türkiyə, Polşa, Macarıstan və Slovakiyada təşkil olunacaq qitə birinciliyində millimiz "C” qrupunda Macarıstan, Niderland, Xorvatiya, Rumıniya və Estoniya yığmaları ilə birgə mübarizə aparacaq. Bu qrupun oyunlarına Budapeşt ev sahibliyi edəcək.