Sabah Bakıda idman dırmanması üzrə Dünya kuboku yarışına start veriləcək. Ölkəmizdə ilk dəfə olaraq keçirilən yarış açıq havada Dövlət Bayraq Meydanında quraşdırılmış 15 hündürlüyündə olan stenddə baş tutacaq. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə iki gün davam edəcək yarışda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edəcək. Qeyd edək ki, Dünya kubokunu izləmək üçün Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) prezidenti Marco Scolaris və onu müşayiət edən nümayəndə heyəti də artıq Azərbaycana gəlib. Dünya kuboku yarışının yeniyetmə və gənclərin sıx toplaşdığı Dənizkənarı Milli Parkda, Dövlət Bayraq Meydanında təşkil olunması insanların yarışları sərbəst izləməsi və bu idman növünü daha da populyarlaşdırmaq məqsədi daşıyır. Xatırladaq ki, Beynəlxalq İdman Dırmanması Federasiyasının müxtəlif vaxtlarda ölkəmizdə səfərdə olmuş nümayəndələri Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının fəaliyyətini yüksək qiymətləndirmiş, son illərdə Azərbaycanda bu idman növlərində nəzərəçarpacaq irəliləyişlərin olduğunu bildirmişdilər.
Respublikamızın dünyada idman sahəsində qazandığı yüksək nüfuzu nəzərə alan beynəlxalq qurum nümayəndələri ölkmizə göstərdikləri etimadın nəticəsi olaraq 2013-cü ildə ilk dəfə olaraq idman dırmanması üzrə Dünya kubokunun mərhələ yarışının Bakıda keçirilməsinə qərar veriblər.
Qeyd edək ki, idman dırmanması üzrə Dünya kubokunun açılışı sabah saat 15.30-da Dövlət Bayraq Meydanında olacaq.
Aysel Sultanova