Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprel ayı üçün növbəti reytinq siyahısını açıqlayıb. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun (2793) reytinq cədvəlində mövqeyi dəyişməyib. Qrossmeysterimiz beşinci pillədədir. Komandamızın digər üzvlərindən Teymur Rəcəbov (2756) bir pillə irəliləyərək 12-ci sıraya yüksəlib. Arkadi Naydiç (2695) 42-ci, Qədir Hüseynov (2654) 97-ci yerdədirlər. Rauf Məmmədov (2650) və Eltac Səfərli (2624) isə "Top-100” siyahısında yer almayıblar.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2438) 40-cı sırada qərarlaşıb. Xanım Balacayeva (2358) isə "ilk yüzlüyü” tərk edib.
Kişi şahmatçılar arasında reytinq siyahısına hazırkı dünya çempionu norveçli Maqnus Karlsen (2845) liderlik edir. İlk üçlüyü amerikalı Fabiano Karuana (2819) və çinli Dinq Liren (2809) tamamlayırlar.
Qadın zəka ustaları arasında isə ilk üç pillədə çinli Yifan Hou (2662), Vencun Cu (2587) və ukraynalı Mariya Muziçuk (2563) qərarlaşıblar.
Milli komandaların reytinq siyahısında isə kişilərdən ibarət seçməmiz (2658) altıncı, qadın yığmamız (2313) isə onuncu sırada yer alıb.
Kişi komandaları arasında reytinq siyahısında ilk beşlikdə Rusiya (2741), Çin (2709), ABŞ (2705), Hindistan (2671), Ukrayna (2662), qadın seçmələrinin siyahısında isə Çin (2497), Rusiya (2486), Ukrayna (2411), Gürcüstan (2409), Hindistan (2405) yer alıb.