“Artıq qüvvəmi öz vətənimdən kənarda sınamaq istəyirəm”

“Artıq qüvvəmi öz vətənimdən kənarda sınamaq istəyirəm”


"İqtisadçı” klubunun yeni transferi Lenka Dürr Almaniya mətbuatına müsahibə verib. 23 yaşlı libero sabiq komandası "Rote Raben” haqqında danışmaqla yanaşı, yeni komandasına keçidi ilə bağlı da məlumat verib.

- "İqtisadçı” klubuna keçidiniz ilə bağlı nə deyə bilərsiniz?
- 2006/2007-ci illərdən etibarən "Rote Raben” klubunda mübarizə aparmışam. Bu komanda ilə 2 dəfə Almaniya çempionatının, 1 dəfə ölkə kubokunun qalibi adını qazanmışam. 2009-cu ildə isə ilin oyunçusu nominasiyasında birinci yerə layiq görülmüşəm. Öz vətənimdə müəyyən qədər uğurlara imza atmışam. Artıq qüvvəmi öz vətənimdən kənarda sınamaq istəyirəm. Düzünü deyim, Azərbaycan klubundan gələn təklif məni çox sevindirdi.

- Bakı klubuna gedişinizlə karyeranız ərzində ilk dəfə legioner həyatı yaşayacaqsınız. Buna görə tərəddüd etmədiniz ki?

- Yox. Düzdür, ilk dəfə, Almaniya Liqasından kənarda oynayacağam. Mövsüm başa çatdıqdan sonra qərara aldım ki, digər ölkələrin çempionatlarında da gücümü yoxlayım.

- Komandanızın təmsil etdiyi Vilsbiburq şəhərini hansı hisslərlə tərk edirsiniz?
- "Rote Raben”də keçirdiyim günlər mənə çox xoş təsir bağışlayıb. Vilsbiburqda həm idmançı, həm də bir insan kimi püxtələşdim. Buna görə onlara çox minnətdaram.

- "İqtisadçı” barədə hansı məlumata maliksiz?
- Komanda ötən mövsüm Azərbaycan Super-liqasında gümüş medal qazanıb. Yeni mövsümdə Çempionlar Liqasında debüt edəcək. Bu, daha çox təcrübə qazanmağıma kömək edəcək. Çünki qitənin ən mötəbər yarışında aparıcı komandaların yaxşı voleybolçuları ilə qarşılaşacağam.

- Millidəki çıxışınız barədə fikirləriniz də maraqlıdır.

- Avropa Liqasında 3 oyun keçirdik. İsrail yığmasına 3:0 hesabı ilə qalib gəlsək də, Belçika və Serbiya millilərinə 3:2 hesabı ilə məğlub olduq. İndi bizi daha ciddi sınaq gözləyir. Avropa çempionatının final mərhələsinin iştirakçısı olacağıq. Bu, bizdə olan məsuliyyəti bir qədər də artırır.