Aprelin 19-da Antalyada məktəblilər arasında şahmat üzrə dünya çempionatının ikinci turunun oyunları keçirilir.
Azərbaycan şahmatçılarından 16-sı birinci turu qələbə ilə başa vurub. Müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılarımızdan Yusif Babayev, Ümid Allahverdi, Yusif Kərimli, Murad Mehdizadə, Rafael Bayramlı, Fərid Orucov, Əli Süleymanov, Süleyman Süleymanlı, Ümid Aslanov, Murad İbrahimli, Xəzər Babazadə, Nuray Məmmədli, Xanım və Səlbinaz İsmayılovalar, Aysel Rəhimova və Aytac Kərimli birinci turda rəqiblərini məğlub ediblər. Cahangir Azadəliyev, Nərmin Nəsibova, Selcan İsmayılova və Səbinə Rzalı birinci turu heç-heçə başa vurublar. Digər təmsilçilərimiz isə məğlub olublar.
On iki qrup üzrə keçirilən yarışda 33 ölkədən 400-dən çox şahmatçı qüvvəsini sınayır. Azərbaycanı dünya çempionatında müxtəlif yaş qrupları üzrə 29 şahmatçı təmsil edir. Onlardan 18-i oğlan, 11-i isə qızdır.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.